“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa istefa verib. O, bunu rəsmən açıqlamasa da, “Neftçi” ilə matç bitən kimi burada işinin bitdiyini klub rəsmilərinə çatdırıb.

Onun mətbuat konfransına qatılmaması təsadüfi deyil. Belaruslu mütəxəssis oyun bitincə “Riad Rəfiyevin yığdığı futbolçularla heç nə edə bilmərəm” deyib və klub prezidenti ilə vidalaşmadan stadionu tərk edib.

Mətbuat konfransına qatılan köməkçi-məşqçi Rail Məlikovun Baqanın səhhəti üzündən jurnalistlər qarşısına çıxmadığını deməsi ağ yalandı. O, klubu vəziyyətdən çıxarmaq, PFL-in cəriməsindən qorumaq üçün bu sözləri dilə gətirdi. Çünki Aleksey əməkdaşımızın gözü önündə stadionu tərk etdi. Sağlamlığında hər hansı problem görünməyən çalışdırıcı təkbaşına çıxışa irəlilədi, klub nümayəndələindən kimsə onu mşüaiyət etmədi.

Əslində, onun klub avtobusu ilə stadiondan ayrılması gərək idi. Amma Baqa “Bakcell Arena”dan çıxanda futbolçular hələ paltardəyişmə otağında idi, klub avtobusu da gözləyirdi. Baqanın səhhətində ciddi problem olsaydı, kimsə onu müşaiyət edərdi, ən azı komandayla birlikdə qalardı. Aleksey isə çantası çiynində, məyus halda, amma inamlı addılarla arenadan uzaqlaşdı.

Baqanın “Sumqayıt”dan getmək istədiyini iki gün öncə yazmışdıq. Klubun menecer-prezidenti Riad Rəfiyevin onu aldatmasından şikayətçi olan belaruslu, transfer siyasətindən narazıdı və bu vəziyyətdə uğur əldə edə bilməyəcəyini çoxdan anlayıb.

Güman ki, tezliklə klub bu barədə rəsmi açıqlama verəcək.

Shares: