İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürüb.
Futbolinfo.az xəbər verir ki, ilk yarış günündə 4 yunan-Roma güləşçimiz çıxış edib.
Mübarizəyə 1/4 finaldan qoşulan Nihad Quluzadə (55 kq) gürcüstanlı Giorgi Toxadzeylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan qalib ayrılıb – 9:7. Quluzadə yarımfinalda ötən il böyüklər arasında dünya çempionu olmuş Ken Matsui ilə qarşılaşıb. Yaponiyalı rəqibinə heç bir şans tanımayan Nihad vaxtından əvvəl qələbə qazanaraq (8:0) finala vəsiqə qazanıb. Güləşçimiz həlledici görüşdə iranlı Poya Marza 1:5 hesabıyla məğlub olub və dünya çempionatının gümüş medalına sahib çıxıb.
Ziya Babaşov (63 kq) ispaniyalı Endi Xuan Suçu tam üstünlüklə (9:0) məğlub etdikdən sonra türkiyəli Mustafa Yıldırımı (3:1) məyus edərək adını yarımfinala yazdırıb. Ancaq Babaşov finalın bir addımlığında iranlı İman Mohammadiyə uduzub – 1:5. Ziya bürünc medal uğrunda yaponiyalı Ryuta İkedayla güləşib və sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Laçın Vəliyev (87 kq) startda estoniyalı Andreas Vaelisi 4:2 hesabıyla üstələsə də, 1/4 finalda polşalı Şimon Şimonoviçlə bacarmayıb – 0:8.
Sərxan Məmmədov (130 kq) qazaxıstanlı Damir Zuparova 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Həmyerlimiz amerikalı Maykl Şultsa da gücünü göstərərək (5:1) yarımfinala adlayıb. Finalın bir addımlığında ukraynalı Mixaylo Vişnivetskiyə 3:6 hesabıyla uduzan Məmmədov bürünc medal uğrunda iranlı Əliəkbər Yusufiəhmədçaliylə güləşib və rəqibinə məğlub olub – 1:9.