Yaxınlarda 74 yaşını geridə qoyan veteran futbolçu İbrahim Cəmilov ilə Bərdə mərkəzi stadionunda görüşdük. Yaşının bu çağında belə gümrah, cavan qalmağının səbəblərindən biri də elə səmimi, sadə insan olmasıdır.
İbrahim dayıya, yaşından asılı olmayaraq, hamı “Petka” deyir. Və bu ləqəbin maraqlı tarixçəsi var. Söhbətimiz əsnasında öyrəndik ki, balaca olanda Çapayevin kinosuna baxan ailə üzvləri ona “Petka” ləqəbini veriblər. Elə ovaxtdan da hamı ona belə müraciət edib və zamanla bu ad İbrahim dayıya doğmalaşıb.
İbrahim dayı hər gün stadiona gəlir. Sağlamlığına görə futbola borclu olduğunu deyir.Həmçinin veteran futbolçu burda mütamadi olaraq yeniyetmə və gənclərlə futbol oynayır.
İbrahim dayı stadionunun bu vəziyyətindən narazıdı. O, tez tez Bərdə stadiona gələrək burada oturacaqların təmizlənməsindən başlayaraq qazonun sulamasına qədər olan işləri öz gücü hesabına görür.
İbrahim Cəmilov futbolçu karyerası ərzində yerli “Pambıqçı” və “Araz Naxçıvan” klublarında top qovub.
BƏHRUZ MUSAYEV, Bərdə