“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz”la səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bütün tovuzlulara yaratdıqları ab-havaya görə təşəkkür edirəm. 25-26 il əvvələ getdim. Burada çox xoş xatirələrim var idi. Uzun illərdir, görmədiyim insanları gördüm. Mənim üçün çox xoş oldu. Hər birinə təşəkkür edirəm. Tovuzdan həmişə razı qalmışam. Bu komandaya uğurlar arzulayıram. Bu azarkeşlər yaxşı nəticələrə layiqdirlər. Oyuna gəldikdə, çox vacib 3 xal qazandıq. Yorğunluq var. 3 gündən bir oyunlarımız olur. Buna baxmayaraq, futbolçular qalib gəlməyi bacardılar. Təəssüf ki, yorğunluğun üzərinə daha da yorğunluq gəldi. Azarkeşlərimizə təşəkkür edirəm. Ayxan Abbasov və komandasına uğurlar arzulayıram.

Şahruddin Məhəmmədəliyevin ağrıları var. Çox da rahat hərəkət edə bilmir. Bir az halsızlaşmışdı. İndi özünə gəldi. Bakıya qayıtdıqdan sonra dəqiq diaqnoz qoyulacaq. Yeni meydan olsa da, süni örtük ağırdır. Mən süni örtüyün tərəfdarı deyiləm. Marko Veşoviç də ilk hissədə ağrılar hiss etdi. Bunlar futbolçunu çox geri salır. “Turan Tovuz”un da 7 futbolçusu zədəlidir. Onlar burada məşq edirlər. Buna bir çıxış yolu tapmaq lazımdır. Belə meydandakı oyundan 5-6 gün keçdikdən sonra futbolçular özlərinə gəlir. Əlavə yüklənirlər və mikro-zədələr çox olur. Bütün meydançalarımızın təbii örtüklü olmasını istəyirəm. Futbolçular meydançaya uğyunlaşınca xeyli vaxt keçir. Top itkiləri var idi. Bu da əlavə güc sərf etməyə səbəb olur. Yorğunluq və meydança amilinə görə normaldır. Buna görə də çox narahatlığım yoxdur.

Yorğunluqla bağlı sözlərim şikayət kimi olmasın. Reallıqları deyirəm. Bir neçə futbolçu cəlb etməyi çox istərdik. Heyətdə 22-23 futbolçu olsa da, bəzən əlimizdə 14-15-i qalmışdı. Daim uğur qazanmaq üçün heyətin geniş olması şərtdir. Hər xəttə oyunçu axtarırıq. “Hər şey idealdır” deyə bir düşüncəmiz yoxdur. Həmişə əlimizdə olanları daha yaxşı səviyyəyə çatdırmağa çalışmışam. Mənim üçün ürəyini meydanda qoyan, kluba sadiq insanlar çox önəmlidir. Rəqabəti daha da aktivləşdirmək istəyirik. Necə ki, digər xətlər, qapı mövqeyinə də oyunçu axtarırıq. Əlimizdə olanlara güvənirik.

Qarşıda “Sabah”la ağır oyun var. Çalışacağıq ki, komandanı müksimum bərpa edək. Güclü rəqibə qarşı gözəl oyun göstərmək istəyirik. Oyuna kimi vaxtımız var. Əvvəlki matçda rotasiyalar olmuşdu. “Sabah”la matçda dəyişikliklər ola bilər. Amma inanmıram ki, qlobal dəyişiklik olsun.

Bu mövsüm oyun sayı artıb. Bu, sevindirici haldır. Bölgələrə gəlmək futbolumuz üçün çox xoşdur. Ötən il avrokubokda yaxşı mövsüm keçirdik. Demək olar ki, o tempi qoruyub saxlaya bilmişik. Builki avrokubok oyunlarımız daha baxımlı oldu. Çox güclü rəqiblərlə qarşılaşdıq. Hər matç böyük ajiotaja səbəb oldu. Hər yerdə bizim oyunlarımızı isləmək üçün xeyli sayda azarkeş yığılırdı. Bu da rəqiblərin ciddiliyi ilə əlaqədardır. Bu, Azərbaycan futbolunun inkişafı üçün böyük təkandır. Azarkeşlərə futbolu sevdirmək lazımdır. Çempionatın səviyyəsinə gəldikdə, 13 qələbə qazansaq da, bizim üçün elə də asan olmadı. Bütün matçlarda futbolçular əziyyət çəkdi. İnkişaf görürəm. Yerli futbolçularımızın sayı çoxalıb. Ustalıq səviyyəsi çox olmaya bilər, amma təcrübə artdıqca yaxşılaşacaq. Bütün klubların həm maddi, həm struktur cəhətdən daha yaxşı olmasını arzu edirəm. Mən pozitivəm.

Ardıcıl 13 qələbə ilə Azərbaycan çempionatları tarixində rekorda imza atsaq da, buna bir o qədər də önəm vermirəm. Bilirəm ki, hər oyun qalib gəlmək lazımdır. Futbolçuları tam aktiv oyuna hazırlamağa çalışırıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Dayanmalı deyilik. Keçmiş statistikaya yönəlməməli, qarşıdakı matçlara istiqamətlənməliyik”.

Shares: