“Qarabağ”dan ayrılan Kadi Borges Malinovski tezliklə “Krasnodar” oyunçusu olacaq. Braziliyalı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 2026-cı ilə kimi müqavilə bağlanacaq.
Futbolinfo.az xəbər verir ki, ağdamlılar oyunçunun klubdan ayrıldığını rəsmən açıqlayıb. Artıq Rusiya mətbuatında da Kadinin “Krasnodar”la müqaviləsinin rəsmən açıqlanacağı barədə xəbərlər yazılır.
Bu arada “Transfermarkt” portalı Kadini artıq “Krasnodar” futbolçusu kimi göstərir. Orada oyunçunun keçid dəyəri aşağı göstərilir. Halbuki Kadinin müqaviləsində sərbəst qalması üçün 5 milyon avroluq təzminat bəndi qeyd olunmuşdu və futbolçunun aşağı qiymətə satılmayacağı bildirilmişdi.
Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, “Qarabağ” Kadini məhz 5 milyon avroya satıb. Sadəcə, razılığa əsasən, məbləğ il ərzində 2 dəfəyə ödəniləcək. Ağdam klubu rusiyalılardan transfer haqqının hərəsində 2,5 milyon avro olmaqla 2 dəfəyə ödənilməsi barədə təminat məktubu alıb.