“Şamaxı”nın hücumçusu Amil Yunanovun futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 25-ci turunda “Zirə” ilə qollu bərabərə (2:2) qaldınız. Matçla bağlı düşüncələrinizi bölüşərdiniz.

– “Zirə” yaxşı komandadır, üstəlik, səfərdə çıxış edirdik. Gərgin mübarizə alındı. Əvvəlcə hesabda geri düşdük, sonra önə keçdik, yekunda da heç-heçə etdik. Qələbə hesabını sona qədər saxlaya bilmədik. Ani diqqətsizlikdən qapımızda qol gördük. Amma “Zirə” kimi rəqibdən səfərdə 1 xal almağı normal nəticə saymaq olar.

– “Sabah”dan sonra “Zirə”ni də məğlub etməyə yaxın idiniz. Sizcə, bunun üçün nə çatmadı?

– Meydanda çox yaxşı mübarizə aparırıq. Hər iki görüşdə rəqiblə başabaş oynadıq. Heyətimizin sırf yerli oyunçulardan qurulmasına baxmayaraq, o komandalardan heç də geri qalmadıq. Hər iki qolu diqqətsizlik nəticəsində qapımızda gördük. Futbol səhv oyunudur. Bu kimi hallar normaldır.

– Turnir cədvəlinin aşağı pillələrindəki komandalara uduzur, iddialılara qalib gəlirsiniz. Bu, sizə qəribə gəlmir?

– Hərdən geri boylananda mən də heyfslənirəm. Əvvəlki üç oyunda şansları əldən verməməli idik. Bizim üçün çox vacib matçlar idi. Həm “Turan Tovuz”, həm “Sumqayıt”, həm də “Kəpəz” əsas rəqiblərimizdi. Məncə, bu qarşılaşmalara yaxşı hazırlaşa bilmədik. “Turan Tovuz”la görüşdən üç gün əvvəl qar yağdı, normal şəraitdə məşq keçə bilmədik. Həmin qarşılaşmadan sonra Bakıya yollandıq və məşqlərimizi orada davam etdirdik. Yenə güclü küləyə düşdük, zalda hazırlaşdıq. Buna görə “Sumqayıt” və “Kəpəz”lə oyunlara istədiyimiz kimi hazırlaşa bilmədik. Bu da çıxışımıza təsir etdi. Düzdür, bunu bəhanə kimi göstərmək düzgün deyil. Amma həqiqətdir ki, normal hazırlaşmaq imkanımız olmadı. Son iki görüşə isə Şamaxıda yaxşı hazırlaşdıq. Ən azı istədiklərimizi tam olmasa da, meydanda həyata keçirməyə çalışırdıq.

– Hələ də autsayderlər zonasından uzaqlaşa bilməmisiniz. Əsas rəqiblərinizə məğlubiyyəti buna əsas səbəb kimi göstərmək olar?

– Mövsümün əvvəlində kollektiv yeni yığıldığı üçün uduzmağımız normal idi. Qolları daha çox 80-ci dəqiqədən sonra buraxırdıq. Adi səhvlər, təcrübəsizlik bunda əsas rol oynayırdı. Çünki heyətdə ilk dəfə Premyer Liqada çıxış edən futbolçular var. İkinci dövrədə əsas rəqiblərimizdən xallar ala bildik. Üçüncü dövrədə isə arzuolunmaz vəziyyət yarandı, özümüzü toparlaya bilmədik. Artıq hər şey yaxşıdır. Ancaq arxayınlaşmaq olmaz. Bunun davamını gətirməliyik. Hazırda elə vəziyyət yaranıb ki, turnir cədvəlinin aşağı pillələrində daha gərgin mübarizə, “qırğın” gedir, nəinki çempionluq uğrunda. Bir qələbə ilə 7-ci yerə qalxır, bir məğlubiyyətlə 10-cu pilləyə düşə bilirsən. Çox maraqlı yarış gedir.

– Maraqlıdır ki, əksəriyyət “Şamaxı”nın elitanı tərk edəcəyini düşünür. Bu fikirdə olan insanları yanılda biləcəksiniz?

– İnşallah, Premyer Liqadan düşən komanda biz olmayacağıq. Bunun üçün çox çalışırıq. Bunu deyənləri də yanıltmaq istəyirik. İndidən böyük sözlər demək istəmirəm. Amma başımızı aşağı salıb işimizi görəcəyik. İnanıram ki, sözümüzü meydanda deyəcəyik. Çox adam deyir ki, “Şamaxı”nın oyunu zövq verir. Əksər klublarda azı 7-8 əcnəbi var. “Şamaxı” isə əcnəbisiz, cavanlarla baxımlı oyun sərgiləyir. Nəticələr də özü gələcək.

– Sırf yerlilərlə mübarizə aparmaq çətin deyil?

– Heç bir çətinliyi yoxdur. Yersiz əcnəbilərdənsə, öz gənclərimiz oynasınlar. Belədə həm gənc oyunçular, həm də Azərbaycan futbolu qazanar. Heyətimizdə milli komandada oynaya biləcək 3-4 uşaq var. Onlara bir az inam vermək lazımdır. Bura gələn əcnəbilərin də heç birindən geri qalmırlar. Müəyyən təcrübəsizlik ola bilər. Bu da oyundan-oyuna düzəlir. Heç kim birdən-birə təcrübəli olmur. Sadəcə, öz uşaqlarımıza inanmaq lazımdır.

– Son iki oyunda 3 qol vurmusunuz. Performansınızdan razısınız?

– Bildiyiniz kimi, ağır əməliyyat keçirdim. Əməliyyatdan sonra toparlanmaq həmişə çətin olur. Hələ də toparlanmağa çalışıram. Son matçlarda müntəzəm çıxış etməyə başlamışam. İnanıram ki, getdikcə komandama daha çox fayda verəcəyəm. Komandadakı gənclərlə müqayisədə təcrübəli futbolçu sayılıram. “Şamaxı”ya maksimum köməyimin dəyməsi üçün əlimdən gələni edirəm. Bununla kifayətlənmək olmaz, daha yaxşı olmalıyam.

– Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən əvvəl “Neftçi” və “Qəbələ” ilə qarşılaşacaqsınız. Ardıcıl olaraq güclülərlə oynamaq çətin deyil?

– İnanıram ki, hər iki görüşdə yaxşı çıxış edəcəyik. Öz oyunumuzu sərgiləsək, nəticə özü gələcək. “Neftçi” də əla komandadır.

– Bu matçda da qollarınızın davamını gətirə biləcəksiniz?

– Bunu mən də istəyirəm. Çünki qol vurmağım ilk növbədə komandama kömək olar. Bu, motivasiya baxımından özümə də lazımdır.

AĞA

Shares: