Mayın 9-da Bakı Atıcılıq Mərkəzində “Dünya kuboku-2023” yarışlarının açılış mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova çıxış edərək yarış iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıblar.

Ardınca səhnəyə dəvət alan Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmi nümayəndəsi Hazim Hosni ISSF prezidenti Lusiano Rossinin adından yarışları açıq elan edib.

Daha sonra açılış mərasimi konsert proqramı ilə davam edib.

Yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar. Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.

Shares: