“Neftçi”nin üzvü Mert Çelik uzun fasilədən sonra start heyətində göründü. Tovuzda sonradan meydana daxil olan futbolçu “Şamaxı” ilə görüşdə ilk dəqiqələrdən meydanda idi. Autsayderlə ev qarşılaşmasının nəticəsi (1:1) komandası üçün yaxşı olmasa da, mərkəz müdafiəçisi pis oynamadıqlarını düşünür. O, bu barədə futbolinfo.az saytına müsahibəsində deyib.
– Düşünürəm ki, normal oynadıq. Baxmayaraq ki, nəticə istədiyimiz kimi olmadı.
– Uzun müddət sonra meydana çıxdın. Özünü necə hiss etdin?
– Özümü çox yaxşı hiss etdim. Uzun zamandır oynamırdım, amma hər zaman özümü hazır tutmağa çalışıram.
– Son matçlardakı uğursuzluqlar azarkeşləri narazı salıb…
– Bu çətin durumdan çıxacaq olan bizlərik. Azarkeşlər haqlı olaraq hər zaman qələbə istəyir. Mən komandama güvənirəm. Son 2 oyunda qalibiyyət əldə edib ölkə kubokunun finalına daha yüksək əhval-ruhiyyədə çıxacağıq.
– Qalan matçlarda daha çox meydana çıxacağına inanırsan?
– Mənə nə qədər vaxt verilsə, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Yenidən daha çox oynayacağıma inanıram.
– Mövsüm sona yaxınlaşır və icarə əsasında “Neftçi”dəsən. Yenidən Azərbaycanda oynamaq istəyirsən?
– Hazırkı durumda bir şey deyə bilməyəcəm. Çünki bunun üçün çox erkəndir. Qarşıda kubokun finalı var və mən də həlledici qarşılaşma barədə düşünürəm.
– Səncə, kuboku qazana biləcəksiz?
– “Neftçi”də 3-cü mövsümümdür. Burada 2-ci dəfə titulu əldə etmək istəyirəm. Mövsüm başa çatanda ən doğru qərarı vermək niyyətindəyəm. Önümüzdəki mövsüm üçün yanlış qərar vermək istəmirəm.
– Başqa təkliflər var?
– Müqavilə ilə məxsus olduğum “Başakşəhər”lə görüşməliyəm. Təkliflər gəldiyini bilirəm, amma bununla menecerim maraqlanır.
FƏRİD