Formula 1 üzrə dünya çempionatının Monako qran-prisində təsnifat mərhələsi geridə qalıb. Təqvimdə ən çətin traslardan biri sayılan Monakoda həddindən artıq gərgin mübarizə gedib.
Çempionatın favoriti “Red Bull” komandasının meksikalı sürücüsü Serxio Peres ilk sessiyada uğursuzluğa düçar olub. İlk döngədə baryerlə toqquşmadan sonra o, yarışı dayandırmaq məcburiyyətində qalıb. Bu da digər pilotların şansını bir qədər artırıb. Lüis Həmilton və Karlos Sayns isə son saniyələrdə nəticələrini yaxşılaşdıraraq növbəti sessiyaya keçiblər.
Qeyd edək ki, Monakoda təsnifat həftəsonunun ən vacib hissəsi sayılır. Belə ki, küçələrin darlığı burada ötməyə imkan vermir. Məhz bu səbəbdən yüksək yerdən start almağın önəmi artır.
İkinci sessiyada da maraqlı nəticələr qeydə alınıb. Bu dəfə Lando Norrisin divarla təması diqqət çəkib. Lakin ingilis sürücü ona qədər nəticə göstərdiyinə görə final sessiyasına yüksəlib. Həlledici sessiyada isə azarkeşlər bu mövsümün ən yaxşı təsnifatını izləyiblər. Peresin yoxluğunda başlıca favorit olan Ferstappen ilk cəhdində səhvə yol verib. Bu da digər pilotların irəli çıxmasına imkan yaradıb. Alonso, Lekler, Sayns və hətta Esteban Okon da son çempiondan önə çıxıb.
Sessiyanın ikinci cəhdində Fernando Alonso rəqiblərini qabaqlayaraq lider olub. Çoxları onun 11 illik fasilədən sonra poul qazanacaqlarını gözlədiyi halda Ferstappen fantastik bir sıçrayış edib. İlk iki sektordan sonra geri qalmasına baxmayaraq, niderlandlı sürücü qısa bir 3-cü sektorda fərqi aradan qaldıraraq ispan sürücünü 0,084 saniyə qabaqlayıb. Üçüncü nəticə göstərən Şarl Lekler Norrisin qarşısını qaydalardan kənar kəsdiyinə görə üç yer cəzalandırılıb.