Məqsəd İsayevin “Qəbələ”dən ayrılacağı dəqiqdir. Cinah müdafiəçisi Bakıya köçməyə qərar verib və hazırda üç komanda ilə danışıqlar aparır. Amma onun harada qərar tutacağı bəlli deyil.

Futbolinfo.az xəbər verir ki, “Səbail”lə ilkin razılıq əldə edən futbolçunun indi digər variantları ortaya çıxıb. “Sumqayıt”ın da maraq göstərdiyi futbolçu bu komandalara “Neftçi”ni nümunə göstərərək “qiymət oxuyur”. Flaqmandan aylıq 12 min manat maaş təklifi aldığını deyən futbolçu daha çoxunu ödəyənlə anlaşmaq niyyətindədir.

Ölkədə yerli futbolçu qıtlığı məhz belə süni qiymət artımına səbəb olub. Ötən mövsümədək xidmətinə ciddi ehtiyac duyulmayan Məqsəd Premyer Liqada komanda sayının 10-a çatdırılmasından sonra arzulanan futbolçuya çevrilib. Bu say 12-yə qalxsa, yəqin ki, qiymətlər bir qədər də artacaq. Halbuki İsayevin istədiyi maaşa daha yaxşı səviyyədə olan legionerlər tapmaq olar. Lakin əcnəbilərə limit qoyulduğu üçün komandalar çətin vəziyyətə düşüb.

İsayevin tələbləri ona maraq göstərənləri geri çəkilməyə vadar edib. Yalnız “Neftçi” futbolçunu istəməyəcəyi halda ona müştrəi düşən klublar yenidən danışıqları bərpa edəcək.

Xatırladaq ki, 28 yaşlı oyunçu əvvəllər 4 il “Neftçi”də, 1 mövsüm “Səbail”də çıxış edib. O, 2021-ci ilin yayında yollandığı “Qəbələ”dən azad agent kimi ayrılır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp