Bu gün “Neftçi” klubunun yeni forma sponsoru ilə müqavilə imzalama mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, tədbirdə çıxış edən paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb.

O, 3 iyunda “Qəbələ”yə qarşı keçirəcəkləri ölkə kubokunun finalında qalib gələcəklərini bildirib:

“İnşallah, udacağıq. Komandaya, məşqçiyə, azarkeşlərimizə böyük ümidimiz var. İnanıram ki, stadion dolu olacaq. İnsanları əyləndirmək üçün xüsusi proqram olacaq. Bizim üçün vacib oyundur. “Neftçi” onsuz da meydana qələbə üçün çıxır. Qələbə qazanacağımıza inanırıq”.

Klub rəhbəri artıq transfer çalışmalarına başladıqlarını açıqlayıb: “Biz baş məşqçimizə güvənirik. Yaxşı transferlər etməyi planlaşdırırıq. Ciddi klublarda çıxış edən futbolçularla danışıqlarımız gedir. Söhbət “böyük beşlik” liqalarında çıxış edən komandalardan gedir. İnanırıq ki, daha güclü heyətə sahib olacağıq.

Dəyişməyin də mənası olmalıdır. Özümüz də görürük ki, istədiyimiz kimi oyun göstərə bilmirik. Amma məşqçimizə də, futbolçularımızı da inanırıq. Yeni futbolçular da gələcək, yeni rənglər, yeni nəfəs olacaq. Biz buna inanırıq. Çox ambisiyalı heyət yığırıq. Sırf Azərbaycan Premyer Liqası üçün yox, Avropada da uğurlu çıxış etmək üçün. Bir az gözləmək lazımdır. Yay transfer pəncərəsinin açılmasını gözləmirik, çox aktiv işlər gedir. 7-8 transfer olacaq. Demək olar ki, hər mövqeyə futbolçu alınacaq. Yaxşı transferlər etməyi planlaşdırırıq. Ciddi klublarda çıxış edən futbolçularla danışıq gedir. Hətta söhbət top-5 liqaların komandalarının futbolçularından gedir”.

O, Anatoli Banişevskinin adının 8-ci km stadionuna verilməsi ehtimalına da toxunub: “Anatoli Banişevskinin layiq olmadığı bir şey yoxdur. “Bakcell”lə müqavilə başa çatıb. Amma stadion AFFA-ya məxsusdur. Gələcəkdə burada təmir və kommersiya yönümlü işlər görməyi planlaşdırırıq. Stadiona ad vermək bir günün işi deyil. Bu, ölçülmüş qərar olmalıdır. Anatoli Banişevski və “Neftçi” adı həmişə yanaşı çəkilir”.

Quliyev son olaraq “Neftçi”nin sabiq futbolçusu Zaur Tağızadənin mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb: “Zaur Tağızadə ilə dostuq. Ondan başqa da klubda iz qoyub gedənlər olub. Əgər o və onun kimilər iş axtarışında olsaydılar, birinci ona dəvət göndərərik. Amma bilirsiniz ki, digər klubda fəaliyyət göstərirlər. Klubun tarixinə düşənlər üçün həmişə iş olacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp