SOCAR və Sərgən Yalçın arasında “Neftçi”nin baş məşqçisi olmaq üçün baş tutan danışıqlar müsbət nəticələnməyib. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda Bakıda olan mütəxəssislə maliyyə məsələlərində razılıq əldə olunmayıb.
Düzdür, Yalçın hazırda Azərbaycandadır və danışıqlar davam edir. Lakin o, birillik müqavilə üçün 2 milyon dollar maaş istəyib. SOCAR rəhbərliyi “Neftçi” üçün ümumilikdə 20 milyon dollar büdcə ayrıldığını və bu büdcədə baş məşqçi üçün 2 milyon maaş nəzərdə tutulmadığı bildirilib.
Sərgənə illik 1 milyon dollar təklif olunur. O isə həm özü güzəştə getmir, həm də köməkçiləri üçün yüksək maaş istəyir. Hər turdan sonra Türkiyəyə xüsusi təyyarə ilə gedib-gəlmək imkanı yaradılmasını da istəyən mütəxəssis, ən azı 4-5 yüksək səviyyəli futbolçunun transfer edilməsini, həmin oyunçuları özünün seçməsini arzulayır.
Tələblər həddindən artıq böyük olduğundan Sərgənin baş məşqçi təyin edilməməsi ehtimalı var. Maraqlıdır ki, “Neftçi” bu gün Laurentsiu Regekampfla yollarını ayırdığını rəsmən açıqladı. Bu, Sərgən Yalçının təyinatı ehtimalını artırsa da, əldə etdiyimiz məlumat fərqlidir. Türkiyəli məşqçi ilə müqavilə bağlansa, deməli, ya o, ciddi güzəştlərə gedib, ya da bakılılar məcburiyyətdən onun şərtləri ilə razılaşıb.