Bukayo Saka fevral ayında Türkiyədə baş vermiş zəlzələdən sonra evsiz qalan 26 ailəyə yardım göstərib. Futbolçu “BigShoe” xeyriyyə layihəsinin təşkil etdiyi aksiyaya qatılaraq Adıyaman , Malatya və Kahramanmaraşdakı ailələrin evlərinin pulunu ödəyib. Bu ailələr yataq otağı, mətbəxi və hamam otağı olan kontenyerlərdə yaşayacaqlar.
“Başı üstündə damı olan hər kəs özünü xoşbəxt hiss edə bilər. Fəlakət bu ailələrin hər bir şeyini əlindən alıb. Onların bunda heç bir günahı yoxdur. Belə insanlara yardım etmək hər bir kəsin borcudur”, – deyə “Arsenal” klubunun futbolçusu qeyd edib.
Xatırladaq ki, Türkiyənin cənubu və Suriyada baş verən zəlzələ nəticəsində böyük dağıntılar baş vermişdi. Türkiyədə 50 mindən artıq insan həlak olmuşdu.