UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, ilk dəfə avrokuboklarda çıxış edəcək “Sabah” II təsnifat mərhələsində “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
Baş məşqçi Murad Musayev püşkatmanın nəticələrini dəyərləndirib:
“Avrokuboklarda debüt edəcəyimizi nəzərə alsaq, istənilən klubla oyun bizim üçün ciddi sınaqdır. RFS Latviya çempionatının liderlərindən biridir və ötən mövsümdə Konfrans Liqasının qrup mərhələsində iştirak ediblər. Bu komandanın əsas üstünlüyü hazırda çıxış etdiyi ölkədə çempionatın davam etməsidir ki, bu da onlara avrokubok oyunlarına əla formada gəlmələrinə şərait yaradacaq. “Makedoniya GP” ardıcıl ikinci ildir ölkə kubokunu qazanır. Bu amil onların pley-off matçlarında oynamaq bacarığından xəbər verir. Növbəti mövsümün hazırlıqlarına bu gün başlayacağıq. Biz komanda olaraq güclüyük, heç kimdən qorxmuruq. Bütün gücümüzü ortaya qoyaraq, cəsarətli futbol sərgiləməyə çalışacağıq”.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək.