“Qarabağ” daha bir önəmli oyunçusunu itirmək üzrədir. Kevin Medinanın Türkiyə Super Liqasına yüksələn “Rizəspor”a keçəcəyi barədə yazılanlar şayiə deyil.
İllərdir avrokuboklarda uğurlu çıxış edən “Qarabağ”ın futbolçularına xarici klubarın maraq göstərməsi, komandanın diqqət mərkəzinə düşməsi gözlənilən idi. Son illər maraq daha da artıb və Ağdam təmsilçisi təkcə futbolçu alan yox, həm də satan kluba çevrilib. Türkiyə klublarının diqqəti isə birmənalı olaraq məhz “Qalatasaray”la xeyriyyə matçından sonra çoxalıb. Təmsilçimizin İstanbul nəhənginə qarşı oyunu bir çox futbolçuya diqqətin artması ilə nəticələndi.
Doğrudur, hələlik əsasən əcnəbilər ciddi təkliflər alır, lakin “Qarabağ” bu tempi qorumağı bacarsa, yerli oyunçuların da diqqət mərkəzinə düşəcəyi gün uzaqda deyil. Ramil Şeydayevlə Musa Qurbanlının timsalında bunu gördük.
Medinaya gəlincə, 2020-ci ildə Portuqaliya “Çaveş”indən gələn oyunçu bu müddətdə özünü isbatlaya bilib. Belədə onun “Rizəspor”dan təklif alması təbiidir. Dəvət o qədər cəlbedicidir ki, futbolçu getmək üçün buraxılmasını rəhbərlikdən xahiş edib. Kolumbiyalı həm daha yaxşı qazanmaq, həm də daha yaxşı liqada oynamaq fürsətini qaçırmaq istəmir.
Kevinin gedişi təbii ki, “Qarabağ”a pul qazandıracaq. Futbolçunun hələ iki illik müqaviləsi var və gedişi üçün rizəlilərin müəyyən məbləğ ödəməsi gərəkdir. Əldə etdiyimiz bilgiyə görə, təmsilçimizin Çempionlar Liqasında “Linkoln”a qarşı ilk oyunundan sonra Medinaya belə şərait yaradılacaq. Hazırda transfer haqqı müzakirə olunur. Eyni zamanda Kevinin taleyi yerinə alınacaq oyunçudan asılıdır. “Qarabağ” yeni mərkəz müdafiəçisi axtarışındadır. Keçid reallaşan kimi Medina da Rizəyə yollanacaq.
Təbii ki, kolumbiyalının gedişi “Qarabağ”a təsir edəcək. Bədavi Hüseynovla Bəhlul Mustafazadənin ümidinə qalacaq komandada Rahil Məmmədov da var. Lakin ağır mövsüm üçün ən azı daha bir yaxşı mərkəz müdafiəçisinə ehtiyac duyulur.
Kadi Borges, İbrahima Vadji və Kvabena Ovusunun satılmasından sonra “Qarabağ”dan gedənlərin siyahısına Ramil Şeydayev və Musa Qurbanlı da düşüb. Flip Ozobiç azad agent kimi ayrılıbsa, İsmayıl İbrahimli icarəyə verilib. İndi Medinanın vidası ilə faktiki uğurlu olan heyət yarıbayarı yenilənir. Bunun “Qarabağ”ın nəticələrinə necə təsir edəcəyi çox maraqlıdır. Yeni transferlər edilib və davamı olacaq. Əsas olan komanda ruhunun saxlanılması, işlək müxanizmin sıradan çıxmamasıdır. Bunun üçün Qurban Qurbanovun və rəhbərliyin üzərinə böyük iş düşür.
Futbolçu satışı özü də əsl kluba yaraşan fəaliyyətdir. “Qarabağ” tramplinə çevrilir, futbolçuları yetişdirib bir üst səviyyəyə yüksəldən komanda olmağa başlayır. Bir şərtlə kimi ümumi situasiya nəzarətdən çıxmasın.
FƏRİD