“Zenit”in futbolçusu Dmitri Çistyakov Sankt-Peterburqda təşkil edilən “Match TV” kuboku barədə təəssüratlarını bölüşüb. Futbolinfo.az saytı xəbər verir ki, 29 yaşlı müdafiəçi bu turnir sayəsində qısa müddətdə forma yığdıqlarını bildirib.

Rusiya millisinin üzvü artıq yeni mövsümə hazır olduqlarını düşünür: “Artıq özümü yaxşı hiss edirəm. Məşqlər və matçlar vasitəsilə lazımi forma yığıram. Xüsusilə “Match TV” kubokunda qarşılaşdığımız rəqiblər sayəsində daha sürətli hazırlıq keçdik. Əvvəllər təlim-məşq toplanışının ilk günlərində ayaqlar ağrıyırdı. Amma indi belə deyil. Həm məşqdə, həm də oyunlarda nəfəs almaq daha asandır”.

Çistyakov turnirdə qarşılaşdıqları rəqibləri də yüksək qiymətləndirib: “Mövsümöncəsi təşkil edilən turnirdə rəqiblərin səviyyəsi heyranedici idi. “Fənərbağça”, “Neftçi” və “Srvena Zvezda” Çempionlar Liqası və Avropa Liqası səviyyəsində komandalardır. Onlarla oynamaq xoş idi”.

Qeyd edək ki, turnir çərçivəsində “Neftçi” (3:1) və “Fənərbağça”ya (0:0, penaltilərlə 4:3) qalib gələn “Zenit” turnirin qalibi olan “Srvena Zvezda”ya (1:2) uduzub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp