“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin futbolinfo.az saytına müsahibəsi

– UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln” üzərində çətinliklə 2:1 hesablı qələbə qazandınız…

– Matçın belə keçəcəyini təxmin edirdik. Çünki çətin şərtlər altında oynayırdıq. Stadionun süni, havanın isti olması meydandakı oyuna öz təsirini göstərdi. Şükür ki, sonda qələbə qazana bildik.

– Azarkeşlər “Qarabağ”dan daha rahat qələbə gözləyirdi, amma siz ilk qolu buraxıb sonra geridönüş edərək qalib gəldiniz. Bunu gözləyirdin?

– Daha yaxşı ola bilərdik. Amma mövsümün ilk oyunu olduğu üçün hardasa psixoloji çətinlik də var idi. Fikrimcə, Bakıda daha fərqli oyun göstərəcəyik. Yəni evdə daha yaxşı qələbə qazana bilərik.

– Mövsümün əvvəlində həmişə matçlar çətin olur. Düşünmürsən ki, birinci mərhələdə daha çətin rəqib gələ bilərdi, təcrübəsizlik baxımından “Linkoln”un düşməsi sizin işinizə yaradı?

– Əvvəllər Çempionlar Liqasının birinci təsnifat mərhələsində çətin komandalara qarşı oynamışıq. Hər komandanın öz çətinliyi var. Lehimizə işləyən hər hansı amil olduğunu düşünmürəm.

– Bakıda keçiriləcək matçın daha asan keçəcəyinə inanırsan?

– Ümumiyyətlə, Çempionlar Liqası haqqında bu cür düşünmək və qəti arxayınlaşmaq olmaz. Hər zaman ciddiyətimizi qorumalıyıq. Rahat oyun onsuz da yoxdur. İlk dəfə idi onlara qarşı oynayırdıq. Səfər matçında Cəbəllüttariq komandasını daha yaxından tanıdıq. Bu da bizə ev matçında kömək edəcək. Lakin evdə azarkeş və stadion amili bizim üstünlüyümüzdür.

– “Qarabağ”dan ötənilki bəxtsizlikdən sonra bu il ÇL-in qrup mərhələsi gözlənilir. Hazırsız?

– Əlbəttə ki, ötən il bəxtsizliklə üzləşdik. Amma bu il daha güclü olmaq, daha çox şey göstərmək istəyirik. Ümid edirəm ki, qrupa düşərik.

– Komandadan gedən bir neçə oyunçu var ki, onların yerin doldurmaq çətin görünür. Ramil Şeydayevlə Musa Qurbanlının gedişi sizə necə təsir edəcək?

– Ramillə Musanın gedişi təbii ki, öz təsirini göstərəcək. Çünki onlar uzun müddət idi komandada idilər, hər şeyə öyrəşmişdilər, komanda onlara öyrəşmişdi. Bu boşluğu doldurmaq asan olmayacaq. Lakin futbolda bu cür hallar olur.

– Xüsusən Musanın gedişi ilə bağlı paylaşımın təsirli idi. Onunla tez-tez dannışırsan?

– Musa mənim dostumdur. Onunla tez-tez əlaqə saxlayıram.

– Mövsümün sonunda xaricdən təkliflər aldığın barədə xəbərlər var idi. Ümumiyyətlə, hər hansı real təklif oldu?

– Bununla menecerim maraqlanırdı. Onunla transfer barədə söhbət etməmişik. Amma istənilən halda hər hansı real təklif olsaydı, mənim də xəbərim olardı.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp