Hər bir transfer pəncərəsinin öz fərqli tərəfləri olur. Bu yay klublarda başverənlər müəyyən qədər əvvəlkilərdən fərqlənir. Azərbaycan klublarının yay bazarlığı zamanı ən diqqətçəkən məqam alınan deyil, gedən futbolçulardır. Daha dəqiq desək, azərbaycanlı futbolçuların ölkəmizi tərk etməsi.
Başa çatmayan transfer pəncərəsi zamanı artıq 5 futbolçumuzun gedişi rəsmiləşib. Bunlar Ramil Şeydayev, Musa Qurbanlı , Çoşqun Diniyev, Cəlal Hüseynov və Vüsal İsgəndərlidir. Onların hamısı müxtəlif liqalara yollanıblar. Ramil karyerasını Tailandda, Musa İsveçdə , Cəlal Bolqarıstanda, Çoşqun Türkiyədə, Vüsal isə Albaniyada davam etdirəcək.
Hamısını birləşdirən bir cəhət də var. Komandaların heç birini elə də güclü adlandırmaq olmaz. Yəni, onların oynayacaqları komandalar əvvəl oynadıqlarından üstün deyil. Bu mənada futbolçuların geriyə addım atdığını söyləmək olar. Amma hər bir hadisə fərdi olduğundan onlara ayrı-ayrılıqda baxmaq lazımdır.
Əvvəlcə Vüsal İsgəndərlidən başlamaq daha düzgün olar. Çünki futbolçumuz transferdən dərhal sonra gündəm olmuşdu. Bunun da səbəbi yeni komandasının avrokuboklarda startı idi. Albaniyanın “Eqnatiya” komandası ölkəsinin ən güclülərindən sayılmır. Komanda ən böyük uğurunu elə keçən il qazanmışdı. Ölkə kubokunun qalibi olan “Eqnatiya”nın avrokubok macərası da uzun sürmədi. Klub Ermənistanın “Ararat-Armenia” səddini keçə bilmədi.
Xüsusi vurğulanası məsələ də budur. Vüsalın gündəm olmasının səbəbi hələlik oyunu deyil, Ermənistanda meydana çıxmasıdır. Sonuncu dəfə azərbaycanlı futbolçunun Ermənistanda oynaması kimsənin yadına gəlməz. Bu mənada İsgəndərli keçidi ilə son illərin ən nadir hadisələrindən birinin baş tutmasına səbəb oldu.
Karyerası ərzində ikinci dəfə legioner həyatı yaşayan futbolçunun ilk təcrübəsi ona müəyyən qədər yardım etməlidir. Albaniya çempionatı bizimkindən geri qalsa da, Vüsalın keçidini cəsarətli addım saymaq lazımdır. Ən azı transferi ilə futbolçu riskli addım atmağı sevdiyini nümayiş etdirib. Bu isə onun Albanaiyadakı karyerasının uğurlu alınacağına ümid yarada bilər.
Vüsal ilə yaşıd olan Coşqun Diniyev isə Türkiyəni seçib. “Ümraniyəspor” keçən mövsüm Türkiyə superliqasını tərk etdi. Komandanın əsas məqsədi yenidən elitaya dönməkdir. Cəmi bir dəfə güclülər liqasında oynamasına baxmayaraq, “Ümraniyəspor“ Türkiyənin böyük tarixə malik komandalarından sayılır. İstanbul nəhənglərinin kölgəsində qalan komanda məhsuldarlığı sevir. Hücuma daha çox diqqət yetirməsi yeni mövsümdə də komandanın əsas xüsusiyyətlərindən biri olacaq. Coşqunun isə işi əvvəlcə əsas heyətə düşmək , sonra da hücumla müdafiə arasında balans yaratmaq olmalıdır.
Beş futbolçunun gedişini araşdırdıqda ən qəribə gələni Cəlal Hüseynovun transferidir. 20 yaşlı futbolçu Bolqarıstan liqasına yollanıb. Ən maraqlısı və diqqətçəkəni müqavilənin 3 illik olmasıdır. Belə müddətli sözləşmə klub rəhbərliyinin Cəlala inamından və onu yetərincə təhlil etməsindən xəbər verir. Gənc olmasına baxmayaraq, Cəlalın işi yaxşı getməlidir. Əvvəla Bolqarıstan liqasında oynamağa Cəlal Hüseynovun gücü çatmalıdır. Bundan başqa ən önəmli məqam komandanın yerləşdiyi şəhərdə türklərin məskunlaşmasıdır. Vaxtilə Naim Süleymanoğlu kimi bir idman dühasını dünyaya bəxş edən Kırcalıda Cəlal özünü evindəki kimi hiss edəcək.
Xüsusi diqqət yetirilməli keçidlərdən biri Musa Qurbanlının “Yurqorden”ə yollanmasıdır. “Qarabağ”dan İsveç klubuna getməyi inkişaf adlandırmaq olmaz. Ağdamlıların bütün İsveç klublarından güclü olduğu heç kimdə sirr deyil. Amma bu transferdə bilmədiyimiz məqamlar ola bilər. Musa Qurbanlının “Qarabağ”dakı vəziyyəti hər kəsə məlumdur. Atasının baş məqşçisi olduğu komandada oynamaq həm asan deyil, həm də düzgün. Çünki burada sənə diqqət daha çox olur. Etdiyin səhv qabardılır, uğurlar isə adi hal kimi qəbul edilir. Belə bir vəziyyətin olması Qurban Qurbanovun da ziyanına işləyir. Çünki heyəti seçərkən istər-istəməz narazı futbolçular olur ki, onlar da baş məşqçini subyektivlikdə günahlandırmağa haqq qazanır. Bu baxımdan Qurbanlının atasının baş məşqçi olduğu komandadan gedişi düzgün addımdır.
Burada ən əsas sual onun niyə “Yurqorden”i seçməsidir. Əvvəla onu deyək ki, “Qarabağ”dan sonra Musa başqa bir Azərbaycan klubunda oynaya bilməzdi. Həm motivasiya aşağı düşər, həm də karyerasının tənəzzülə doğru getməsinə yol açardı. Belə olan halda yeganə variant xaricə yollanmaqdır ki, burada da seçim imkanı çox olmayıb. Artıq forvard yeni komandasında debüt edib. Onun gəlişi komandaya düşərli olmasa da, Musa Qurbanlının oyun üçün aldığı qiymət heç də digərlərdən pis olmayıb.
Bir şeyi də nəzərə almaq lazımdır ki, İsveç çempionatı yaz-payız sistemi ilə keçirilir. Bu isə o deməkdir ki, çempionatdakı və komandadakı futbolçular Musayla müqayisədə daha yaxşı formada olmalıdırlar. Ancaq məsələnin başqa tərəfi futbolçumuzun xeyrinə işləməlidir. Tədricən heyətə düşməyi bacaracağı halda Musa Qurbanlı funksional hazırlığa görə həmkarlarını üstələməlidir.
Nəhayət , Ramil Şeydayev. Ölkəmizin son illər ən perspektivli futbolçularından biri sayılan forvard yenidən komandasını dəyişir. Tailanda yollanması ölkəmiz üçün bir ilkdir. Bugünə qədər Tailand çempionatından komandaları ölkəmizdə yalnız bukmeker kontorlarının saytlarına girən insanlar tanıya bilərdi. Bundan sonra isə müəyyən təbəqə ən azından “Buriram Yunayted”in futbol komandası olduğunu biləcək.
Əvvəla onu qeyd etməliyik ki, Ramilin bu addımı qəribə olduğu qədər perspektivsizdir. Azərbaycan çempionatı Tailand birinciliyindən qat-qat güclüdür. “Qarabağ” isə “Buriram”dan üstündür. Bu baxımdan Ramilin keçidini geriyə addım kimi qiymətləndirməliyik. Əslində bu transfer “Qarabağ”a da ziyan vura bilər. Çünki keçən mövsüm Şeydayevin necə universal oyunçu olduğunu görmüşdük. Qurban Qurbanov onu müxtəlif mövqelərdə oynadırdı. Bu da futbolçunun keyfiyyətlərindən xəbər verir ki, baş məqşçilər üçün bu cür futbolçular qızıldan qiymətli olur. Bu mənada keçid həm “Qarabağ”ın , həm də Ramilin ziyanınadır.
26 yaşlı futbolçunun avrokuboklarda daim iştirak edən komandanı atıb Tailanda yollanmasını başa düşmək çətindir. Burada maddi qazanc həlledici rol oynaya bilər. Hətta məvacib “Qarabağ”dakından çox olsa belə, bu yaşda Tailanda yollanmaq tezdir.
İstənilən halda beş futbolçumuza yeni liqalarda uğurlar diləməliyik. Ən azından cəsarətlərinə görə onlar, rahatlığı seçən və inkişaf etmək istəməyən bəzi futbolçulardan fərqli olaraq alqışa layiqdirlər.
P.S.: Daha öncə Avropaya gedən Mahir Emreli öz yerində, bir futbolçumuzu da yaddan çıxarmayaq. Fransnın “Klermon” komandasında çıxış edən Eldar Tağızadə İspaniyada karyerasını davam etdirəcək. Gənclər millisinin qapıçısı B sequndasında çıxış edəcək “Luqo” klubunda oynayacaq.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu