AFFA Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəyi oyunun stadionunu elan etdi. Beləcə “Futbolinfo”nun bir müddət öncə yazdığı xəbər rəsmi təsdiqini tapdı. Oktyabrın 16-dakı qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Lakin assosiasiya digər oyunlarla bağlı rəsmi açıqlama verməyib. Belə ki, yığmamız tsikl ərzində bu il Belçika və İsveçi də qəbul etməlidir.
Əldə etdiyimiz xəbərə görə, artıq həmin matçların da yeri dəqiqləşib. Yığma komandamız belçikalıları sentyabrın 9-da Mərdəkandakı “Dalğa Arena”da qonaq edəcək. Rəqib daha böyük stadionda oynamaq istədiyindən qarşılaşmanın Bakı Olimpiya Stadionuna (BOS) salınmasında israr edirdi. Lakin onlar “Tofiq Bəhramov”u istəmədiyindən AFFA da BOS variantına razılaşmayıb. Qurum daha çox xərc tələb edən BOS-dansa öz balansında olan arenanı məqbul bilib.
Noyabrın 16-da baş tutmalı olan İsveçlə matça gəlincə, həmin görüş də Respublika Stadionunda oynanılacaq. AFFA bu barədə qərar verib və tezliklə rəsmi açıqlama olmalıdır.