Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatının 2-ci turunda “İstra”nı 3:0 hesabı ilə məğlub edib.
Futbolinfo.az xəbər verir ki, oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 26 yaşlı hücumçu matçdan sonra yerli mətbuata açıqlama verib. O, xoşbəxt olduğunu bildirib:
“Çox yaxşı oyun keçirdik. “İstra”ya qarşı həmişə olduğu kimi çətin matç gözləyirdik. Belə də oldu. Biz səfərdən üç xalla qayıtdıq. Bütün oyunçular əllərindən gələni etdilər, o cümlədən yeni futbolçular. Xoşbəxtəm. Həm onlar üçün, həm də üç xal üçün.
Oyundan əvvəl Luka İvanuşeklə razılaşdıq ki, bir-birimizi tamamlayaq. Baş məşqçinin tələblərini yerinə yetirməyə çalışıram. İndi bizi Astanaya uzun səfər gözləyir. Yaxşı hazırlaşıb, qələbə qazanmalıyıq. Rahat olmamalıyıq.”