AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ı cəzalandıracaq. kifayət qədər sərt olması gözlənilir.
Futbolinfo.az xəbər verir ki, buna səbəb muxtar respublika təmsilçisinin əvəzedicilərinin etdikləridir. Belə ki, “Araz-Naxçıvan-2”-nin “Sumqayıt-2” ilə matçında yaşananlar ciddi şəkildə araşdırılır. Avqustun 26-da Binə qəsəbə stadionunda başverənlər məhz meydan sahiblərinin cəzalanacağını deməyə əsas verir.
1:0 hesabı ilə qonaqların qələbəsi lə başa çatan matçın sonunda naxçıvanlıların məşqçi və futbolçuları qırmızı vərəqə alıb. Baş məşqçi Zaur İsmayılov 90+5-ci dəqiqədə hakimin qərarına etiraz etməsinə görə qovulubsa, daha bir qırmızı vərəqəni oyundan sonra futbolçu Nihad Qurbanlı eyni səbəbdən görüb.
Olayın maraqlı məqamı protokolda adı göstərilməyən Alim Qurbanovun cəzalanması ilə bağlıdır. Belə ki, texniki zonada əyləşməyə ixtiyarı olmayan bu şəxs məşqçilərlə yanaşı əyləşib, oyunun sonlarında hakimlərlə ciddi problem yaşayıb və qırmızı vərəqə görüb. Amma onun adı protokolda olmadığından cəzası rəsmiləşməyib.
Yəqin ki, İntizam Komitəsinin iclasında klub texniki zonada əyləşməyə icazəsi olmayan şəxsin buraya buraxılmasına görə cərimələnəcək. Eyni zamanda Qurbanovun özünə də hansısa formada cəza kəsiləcək.