“Qəbələ”nin sabiq futbolçusu Sabien Lilayın futbolinfo.az saytına müsahibəsi

– Karyeranızı bu il bitirmisiniz. Futbolla 34 yaşda vidalaşmağınıza nə səbəb oldu?

– Bəli, ötən mövsüm mənim üçün sonuncu oldu. Karyeramı Tirana “Dinamo”sunda bitirməyə qərar verdim. Belə alındı. Zədələrə görə futbolla bu yaşda vidalaşdım. Artıq akademiyada məşqçilik fəaliyyətinə başlamışam.

– Sabiq komandanız “Qəbələ” ötən mövsüm Azərbaycan Kubokunu qazansa da, cari mövsümə uğursuz start verdi. Ardıcıl 4 məğlubiyyətə üzülən “qırmızı-qaralar” ilk qələbəsini və xallarını yalnız 5-ci turda qazana bildi…

– Açığı, “Qəbələ”nin cari mövsümdəki oyunlarına baxmamışam. Amma nəticələrdən xəbərdaram. Futbol belədir. Ötən mövsüm uğur qazanan komandanın növbəti mövsümdə də yaxşı çıxış edəcəyinə zəmanət yoxdur. Bilirəm ki, yayda bir neçə aparıcı futbolçu “Qəbələ”ni tərk etdi. Cari mövsümə uğursuz start vermələrini bununla əlaqələndirirəm. Görünür, gedənlərin yerini doldurmaq tam mümkün olmayıb. Başqa səbəb ola bilməz. Baş məşqçiləri ötən mövsüm ölkə kubokunu qazanan Elmar Baxşıyevdir, yəni bu postda dəyişiklik baş verməyib. Baxşıyevin komandanı çətin vəziyyətdən çıxaracağına inanıram.

– Azərbaycandakı karyeranızı necə xatırlayırsınız? “Qəbələ”də cəmi 1 il oynamağınızın səbəbi nə olmuşdu?

– Azərbaycandakı karyeram uğurlu alınmışdı, ölkə kubokunu qazanmışdıq. Yaxşı mövsüm keçirmişdim. Qəbələdəki stadionda futbol oynamaqdan zövq alırdım. Çünki meydançanın ot örtüyü əla idi. “Qəbələ”də cəmi 1 mövsüm keçirməyimin səbəbi isə mənimlə bağlı deyildi. Klubun prezidenti strategiyanı dəyişdiklərini bildirdi və bu səbəbdən əməkdaşlığı dayandırmağımızı istədi. Buna görə də iş yerimi dəyişmək məcburiyyətində qaldım və Azərbaycandan ayrıldım. Halbuki ölkənizdə uzun müddət çıxış etmək istəyirdim. Amma başqa klublarınızdan təklif gəlmədi. “Qəbələ”yə keçməmişdən öncə isə “Neftçi”dən təklif almışdım, sadəcə, danışığımız müsbət nəticələnməmişdi.

– “Qəbələ”də birgə oynadığınız ən yaxşı futbolçu kimi hesab edirsiniz?

– Kapitanımız Cavid Hüseynovun adını çəkərdim. Əfsanə idi. Voyislav Stankoviç, Stiven-Jozef Monroz və Ceyms Adeniyi də komandanın uğurunda əsas pay sahibi olmuşdular. Bir də bizim vaxtımızda gənc Rövlan Muradovu çox bəyənirdim, olduqca istedadlı idi. Bu yay “Qəbələ”dən ayrıldığını, hazırda “Sumqayıt”ın formasını geyindiyini bilirəm.

– Azərbaycan çempionatı haqqında da fikirləriniz maraqlıdır. Siz oynadığınız vaxtla müqayisədə indi Premyer Liqada 8 yox, 10 komanda çıxış edir…

– Bəli, komandaların sayını bir qədər artırıblar. Bu, yaxşı haldır. Mən çıxış etdiyim vaxtda 2-3 komanda fərqlənirdi. “Qarabağ” onda da ölkənin ən güclü klubu sayılırdı. “Neftçi” və “Qəbələ” isə medallar uğrunda mübarizə aparırdılar.

– Ölkəmiz haqqında hansı xatirələriniz qalıb?

– Azərbaycanlıları çox sevirəm. Bakı möhtəşəm şəhərdir. Mən mərkəzdə yaşayırdım, çox bəyənirdim. Bakının kənarları o qədər də gözəl deyil, amma mərkəzi inanılmazdır. Qəbələdə yaşamaq isə çətin idi. Çünki başımızı qatmağa çox şey yox idi. Bakıda olanda digər legioner futbolçularla birlikdə şəhəri gəzirdik, yemək yeyirdik, boş vaxtlarımızı əla keçirirdik.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp