Azərbaycanda yay “transfer pəncərəsi” bağlansa da, bir neçə futbolçu hələ özünə yeni komanda tapa bilməyib. Onlardan biri də Azərbaycan millisinin sabiq müdafiəçisi Ruslan Abışovdur.

36 yaşlı mərkəz müdafiəçisi yay fasiləsində “Zirə” ilə yollarını ayırıb. Bakı klubunda məşqçi kimi fəaliyyətini davam etdirmək təklifini qəbul etməyən Abışov futbolçu karyerasını davam etdirmək niyyətindədir.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, onun yenidən Premyer Liqada oynamaq variantı da olub. Belə ki, “Kəpəz” arxa xətt oyunçusuna təklif göndərib. Gəncəlilər hətta ona müntəzəm oynamaq zəmanəti də verib. Lakin Ruslan Gəncə klubunun maliyyə şərtləri ilə razılaşmayıb.

“Kəpəz”ə “yox” cavabını verən yığmanın sabiq üzvü hazırda özünə yeni komanda axtarır.

Qeyd edək ki, Ruslan karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, “Sabah” və “Zirə” klublarında çıxış edib, Rusiya təmsilçisi “Rubin”də legioner həyatı yaşayıb.

Shares: