Sentyabrın 17-də Azərbaycan Premyer Liqasında 6-cı turun mərkəzi oyunu keçiriləcək. Çempionluğa iddialılar “Qarabağ”la “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər.

Futbolinfo.az saytı xəbər verir ki, bu, komandaların ölkə çempionatında yubiley matçı olacaq. Belə ki, tərəflər 20-ci dəfə üz-üzə gələcəklər. Maraqlıdır ki, “Sabah” son illər Premyer Liqanın iddialı komandalarından birinə çevrilməsinə baxmayaraq, indiyə qədər cəmi 1 dəfə “Qarabağ”a qalib gəlməyi bacarıb. Bu da komandaların son duelinə təsadüf edib.

İndiyə qədər baş tutan 19 qarşılaşmanın 12-də məğlub olan bakılılar 6 dəfə də rəqibindən 1 xal almağa müvəffəq olub. Top fərqində də “Qarabağ” az qala üç dəfə üstündür – 35:12.

Ancaq “Qarabağ”ın son 3 çempionat görüşündə qələbə üzü görmədiyini də vurğulamaq lazımdır – 2 heç-heçə, 1 məğlubiyyət. Qurban Qurbanovun yetirmələri axırıncı dəfə bir il əvvəl – 2022-ci ilin sentyabrında rəqibindən 3 xal ala bilib.

“Sabah” sabah həm də tarixində ilk dəfə “Qarabağ”ı səfərdə məğlub etməyə çalışacaq. Çünki 2018-ci ildən elitada çıxış edən komanda ağdamlılara qarşı keçirdiyi 10 səfər qarşılaşmasının heç birində qələbə üzü görməyib. 6 dəfə meydanı məğlub tərk edən “Sabah” yalnız 4 matçda 1 xalla kifayətlənib.

Bu komandaların duelində üç dəfə böyük hesab qeydə alınıb. “Qarabağ” bir dəfə 3:0 hesablı qələbə qazanıbsa, iki halda isə 4 top fərqi ilə (4:0, 5:1) qalib gəlib. Ancaq ən bolqollu mübarizə bir il əvvəl olub. “Qarabağ”ın meydanındakı matçda meydan sahibləri 4:3 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, iki gün sonra keçiriləcək “Qarabağ” – “Sabah” görüşü saat 19:30-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp