“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 9-cu turunun “Turan Tovuz”la oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. Birinci dövrədəki çıxışlarına görə təşəkkür və təbrik edirəm. Bizim üçün uğurlu başlanğıcdır. 9 oyuna 19 xal yaxşıdır. “Turan Tovuz”a qarşı oynamaq, onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlıdır. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə oyunlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüflər ki, alınmadı. Nəticə bizim üçün sərfəlidir. Çox vacib qələbədir. Bundan sonrakı dövrələrdə də uğurlu çıxışa davam etmək istəyirik.
Komanda yaxşı xarakter nümayiş etdirir. Bəzi oyunları çıxmaq şərtilə, komandanın peşəkarlığından və xarakterindən razıyam. Etibarlı oynayırıq. Rəqiblər də bizi təhlil edir. Hücum potensialımızı artırmalıyıq. Fürsətlərdən yaxşı istifadə etməliyik. Bunların hamısını anlayışla qarşılayıram. Bir çox futbolçular keçmişdə böyük klublarda, stabil çıxış etməyən futbolçulardır. Onlardakı gərginlik normaldır. Sadəcə zaman lazımdır ki, özlərinə güvənsinlər, uyğunlaşsınılar. Yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq.
Kulaç 3-4 oyundur ki, matçlarda iştirak etmir. Son oyunda da məcburiyyətdən meydana buraxdıq. Tam hazır deyil. Ağrılar hiss etdi. Düşündük ki, pauza verək. Bizim üçün böyük itkidir. Heyətimizdə ən karyeralı futbolçudur. Şükürlər olsun ki, Filip yaxşı oynayır. Rəqib müdafiəsində təzyiq yaradırdı. İstəyərəm ki, Kulaç tez bir zamanda komandaya qayıtsın.
İndi qarşımıza hansısa fərdi nəticə qoymaq ancaq zərərimizə işləyər. Çempionatda çempionluğa oynayan komandalar var. Amma bizim əsas hədəfimiz mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdı. Rəhbərlik qarşımıza Konfrans Liqasına yollanmağı hədəf qoyub. Bu kubokdan da ola bilər, 1-ci yerlə də, üçüncü yerlə də. Belə şey yoxdur ki, illah çempion olmalıyıq ya, ikinci. Elə məqsəd yoxdur. Hər oyuna yaxşı hazırlaşıb, yüksək yerlər uğrunda mübarizə aparırıq”.