“Araz-Naxçıvan” klubunun moldovalı qapıçısı Kristian Avramın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 2-ci dövrəsinin ilk turunda “Qəbələ”nin qonağı olacaqsınız. İlk dövrədə bu komandanı 2:0 hesabı ilə məğlub etmişdiniz. Budəfəki dueldə şansları necə dəyərləndirirsiniz?

– Düzdür, ilk turda “Qəbələ”ni üstələməyi bacarmışdıq. Ancaq o oyundan xeyli vaxt keçib. Bilirik ki, budəfəki görüş tam fərqli olacaq. Səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik.

– “Araz-Naxçıvan”ın çempionatın ilk dövrəsində 14 xal toplaması xoş sürpriz oldu. Komandanızın birinci dövrədəki çıxışını necə qiymətləndirirsiniz? Daha çox xal toplaya bilərdiniz?

– İlk dövrə bizim üçün çox yaxşı period oldu. Daha çox xal toplamaq olardımı? Bu barədə bir söz deyə bilmərəm. Əsas odur ki, birinci dövrədə olduğu kimi, məşqlərdə var gücümüzlə iştirak edək və yeni qələbələr qazanaq.

– İlk dövrənin 8 oyununda iştirak etmisiniz və bu görüşlərdə ümumilikdə 6 qol buraxmısınız. Öz çıxışınızdan tam razısınız?

– Birinci dövrədə çətin oyunlarımız çox oldu. Mən futboldan həzz alıram və meydanda baş məşqçinin tələb etdiklərini yerinə yetirməyə çalışıram. Öz çıxışıma qiymət verməyim düz çıxmaz. Bunu futbol mütəxəssisləri deyə bilərlər.

– Baş məşqçi Azər Bağırov haqda da fikirlərinizi bilmək istərdik. Premyer Liqada ilk dəfədir komanda çalışdırmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərir və işi ilə hamının rəğbətini qazanmağı bacarıb. Bağırovun məşqçi kimi üstün cəhətləri hansılardır?

– Baş məşqçimiz nəvaxtsa Premyer Liqada işləməyə başlamalıydı, o da bu mövsümə təsadüf etdi. Azər Bağırovun rəhbərliyi altında çalışmaq və oynamaq mənə çox xoşdur. Qısa zamanda kollektivi formalaşdırmağı bacardı, bu, olduqca vacib idi. Bağırovun özü ilə yanaşı, məşqçi heyəti də əladır. Ayrı-ayrılıqda hər biri əsl peşəkardır və daim dəstək verməklə inkişaf etməyimizə yardımçı olurlar. Bu məqamı da yüksək qiymətləndirirəm.

– Azərbaycan Premyer Liqası haqda nə deyə bilərsiniz? Çempionatımızın səviyyəsi sizi qane edirmi?

– Azərbaycan liqasında keçirilən oyunların səviyyəsi yüksəkdir. Premyer Liqanızda çox yaxşı futbolçular çıxış edirlər. Onlar meydanda fərq yaratmağı bacarırlar, bu isə matçlara əlavə rəng qatır. Bu cür futbolçuların liqada olması çox yaxşıdır. Çünki bütün oyunçular güclü çempionatda, yaxşı futbolçuların əhatəsində inkişaf edirlər. Rəqiblərin heyətində səviyyəli futbolçuların çoxluğu bizi də məcbur edir ki, daha istəklə məşq edək və özümüzü daim yaxşı formada saxlayaq.

– “Araz-Naxçıvan”ın potensialı çempionatı hansı pillədə başa çatdırmağa imkan verir?

– Məşqlərimizi həvəslə davam etdiririk. Turnir cədvəlində bacardığımız qədər yuxarı pillələrdə olmaq istəyirik. Ancaq indidən qəti fikir səsləndirmək olmur. Çünki çempionatın əvvəlidir. Mövsümü hansı pillədə bitirəcəyimizlə bağlı proqnoz vermək üçün hələ tezdir.

– Azərbaycandan təklif alanda çempionatımızda oynayan və ya oynamış moldovalı futbolçularla məsləhətləşdiniz?

– Azərbaycan çempionatında Moldova yığmasının bir neçə üzvünün vaxtilə və indi oynadığından xəbərim var idi. Amma təklif alanda heç birindən çempionat barədə nəsə soruşmadım. Çünki Azərbaycan haqqında çoxundan müsbət fikirlər eşitmişdim. Buna görə də qərar verməkdə çətinlik çəkmədim.

– Dəvət aldığınız Moldova yığması Avro-2024-ün seçmə mərhələsində keçirdiyi son oyunda səfərdə Polşa ilə heç-heçə (1:1) etdi. Ölkəniz qitə birinciliyinin final mərhələsinə yüksəlmək şansını saxlamaqdadır. Bu şansdan istifadə edə biləcəksiniz?

– Həqiqətən də bu seçmə mərhələdə yaxşı nəticələr göstərmişik. Hazırkı millidə mehriban kollektiv formalaşıb, bütün futbolçular bir-birlərinə dəstək olurlar. Məşqçilər heyəti bizi oyunlara yaxşı hazırlamağa çalışır. Bunun sayəsində Avropa çempionatına yüksəlmək şansımız var və bundan faydalanmaq istəyirik. Seçmə mərhələdə hələ 2 vacib oyunumuz qalıb. Bu görüşlərə tam məsuliyyətlə yanaşacağıq. Hər iki görüşdə yaxşı nəticəyə ümid edirik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp