“Qəbələ”nin müdafiəçisi Lukas Afrikonun futbolinfo.az saytına müsahibəsi

– “Sumqayıt”la qolsuz heç-heçəni qənaətbəxş nəticə sayırsan?

– Düşünürəm ki, komandamız yaxşı oyun keçirdi. Rəqibin güclü nöqtələrini zərərsizləşdirib özümüz üstün oynadıq. Daha çox qol şansımız oldu, amma yararlana bilmədik. Biz qalib gəlmək istəyirdik. Bu, bizim üçün yaxşı nəticə olardı. Amma bir xal əldə etdik və xal qazanmaq heç zaman pis deyil.

– Bu matçdan öncə evdə “Araz-Naxçıvan”a 0:4 hesabı ilə uduzmuşdunuz…

– Tipik olmayan matç idi. İki qırmızı vərəqə aldıq. Nəticədə oyunumuzu, taktiki planlarımızı tamamilə dəyişdik. Vərəqələrdən sonra o qədər də gücümüz yox idi.

– “Qəbələ” sabit oynaya bilmir. Bunun səbəbi nədir?

– Biz hər oyunda qələbə üçün meydana çıxırıq. Komandamıza çox inanıram. Yaxşı oyunçularımız, güclü komandamız var. Gələcəkdə bu heyətlə nəticələr gələcək.

– Həmin matçda aldığınız 2 qırmızı vərəqə ilə razılaşırsan?

– Fikrimcə, ilk qırmızı vərəqə doğru qərar deyildi. Çünki İlkin Qırtımov həmin epizodda topa oynamışdı. Hətta topa oynadıqdan sonra rəqibə xəsarət yetirməmək üçün ayağını geri çəkir. Amma son qərar hakimindir və o, futbolçumuzu meydandan qovdu. İkinci qırmızı vərəqəni isə başa düşmək olar. Bu, normal qərar idi.

– Hazırda 9-cu pillədəsiniz. Qış fasiləsinə qədər yuxarılara qalxa biləcəksiz?

– Bunun üçün çox çalışmalıyıq. Bizim güclü məşqlərə və səhvlərimizdən nəticə çıxarmağa ehtiyacımız var. Düşünürəm ki, qış fasiləsinə qədər ən azı turnir cədvəlinin orta pillələrində qərarlaşacağıq.

– Qarşıda doğma meydanda “Neftçi” ilə ağır oyun var. Həmin matçdan qalib ayrılmaq mümkündür?

– Fikrimcə, qələbə qazana bilərik. Yaxşı dönəm keçirməyən iki komanda qarşılaşacaq. Şansları bərabər dəyərləndirirəm.

ABBAS

Shares: