Parisdə keçirilən ilin son “Masters” seriyalı turniri sensasiya ilə başlayıb. İspaniyalı Karlos Alkaras turnirdə keçirdiyi ilk oyununda məğlub olaraq mübarizəni tərk edib.
Dünyanın 2 nömrəli tennisçisini rusiyalı Roman Safiullin məğlubiyyətə uğradıb. İlk setdə o, hesabda geridə olmasına baxmayaraq, 6:3 qalib gəlib. İkinci setdə də bir breyk etməklə 6:4 hesablı qələbə qazanıb. Bu, tatar əsilli tennisçinin karyerasında ən güclü 3 tennisçi üzərində ilk qələbəsi olub.
Karlos Alkaras isə “Uimbldon”dakı qələbədən sonra heç cür əvvəlki oyununu nümayiş etdirə bilmir. Gənc idmançı ondan sonra Sinsinatidə Novak Cokoviçə məğlub olmuşdu. Sonrakı turnirlərdə isə Karlitos Daniil Medvedev, Yannik Sinner və Qriqor Dimitrovla görüşlərdə məğlubiyyətlə üzləşmişdi.
Dünya reytinqində ilk pilləyə yüksəlmək şansını itirən Alkaras, mövsümün son yekun turnirində çempionluq qazanmaqla azarkeşlərinin gözündə özünü doğrulda bilr. Həmin turnir isə İtaliyanın Turin şəhərində keçiriləcək. Yarışda dünyanın ən güclü 8 tennisçisi mübarizə aparacaq.