Azərbaycan kimi ölkələrdə idmanın inkişafına nail olmaq asan məsələ deyil. Fərdi idman növlərində tərəqqiyə nail olmaq çətinlik törətmir. Ən problemlisi komanda idman növlərində inkişafdır.
Bunun obyektiv səbəbləri var. Ən əsas səbəblərdən biri ölkədaxili çempionatları rəqabətli və səviyyəli keçirməyin çətinliyidir.
Futbol bu mənada bir qədər fərqlidir. Futbol çempionatı olmadan bir ölkəni Avropada təsəvvür etmək olmaz. Kütləvilik və maraq çox olduğuna görə çempionatın təşkilində problemlər yaranmır. Digər komanda idman növləri isə təəssüf ki, əhali arasında ciddi populyarlığa malik deyil.
Basketbol, voleybol, həndbol, otüstü hokkey, su polosu və digər komanda idman növləri üzrə daxili çempionatların təşkili daim çətinliklərlə qarşılaşıb. Müstəqillik dövründə yaranan federasiyaların əsas vəzifəsi məhz ölkədaxili çempionatların təşkili olsa da, bu sahədə uğurlu hansısa bir iş görülməyib.
Əlbəttə ki, deyilənlər bütün növlərə aid deyil. Hazırda basketbol çempionatımız maraqlı və rəqabətlidir. Bunun da faydasını qarşıdakı illərdə mütləq görəcəyik. Vaxtilə voleybol çempionatımız da güclü olub. Azərbaycan çempionatında dünyanın ən parlaq ulduzları çıxış edib. Lakin təəssüf ki, çempionatın davamlı olmaması, hər şeyin bünövrəsiz həyata keçirilməsi və əsas məqsədin voleybolun inkişafı deyil, başqa məsələlər olması vəziyyəti bu səviyyəyə gətirib çıxarıb.
Voleybol federasiyasında rəhbərliyin dəyişməsi bu idman növündə dirçəlişin başlayacağına ümidlər yaradıb. Hələlik ciddi bir dəyişikliyin olduğunu söyləmək mümkün deyil. Heç bir idman növünü bir neçə gün ərzində ayağa qaldırmaq mümkün olmur. Bu mənada hazırda federasiyanı nəyə görəsə tənqid etmək də düzgün olmaz.
Diqqətimizi başqa bir xəbərə yönəltmək istəyirik. Bir neçə gün əvvəl Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ ölkəmizə təşrif buyurmuşdu. Görüşlər zamanı bir sıra sənədlər imzalanıb. Ən vacibi isə iki federasiya arasında imzalanan memorandumdur.
Məlum olduğu kimi, son 4-5 il ərzində Azərbaycan – Türkiyə münasibətləri tamamilə fərqli səviyyəyə qalxıb. Bütün bunların sayəsində çox sevindirici hadisələr baş verir. İdman da digər sahələrdən geri qalmamaq fikrindədir. Ölkəmizdə problemli idman sahələri və növlərini qonşu ölkənin dəstəyi ilə inkişaf etdirmək üçün addımlar atılır. Voleybol federasiyasının da imzaladığı memorandum buna hesablanıb.
Ancaq burada bir şeyi qeyd etmək lazımdır. Azərbaycan kimi bir ölkədə voleybolun kütləviliyini təşkil etmək asan məsələ deyil. Kütləvilik olmadıqda isə inkişafa nail olmaq mümkün olmayacaq. Bir idman növü bir milli komanda böyüklüyündə olmamalıdır. Belə olan halda həmin idman növü elə bir komanda həcmində qalır. Azərbaycan voleybolunu inkişaf etdirməyin yollarından biri regiondakı ölkələrlə birlikdə çempionat təşkil etməkdir. Bu isə qeyri-mümkündür. Çünki Zaqafqaziya dövlətlərinin münasibətləri hər kəsə bəllidir. Bura Benilüks deyil ki, birləşib çempionat keçirəsən. Çıxış yolu qalır Türkiyə çempionatına inteqrasiyaya.
Bu barədə əvvəllər də dəfələrlə danışılıb və təkliflər irəli sürülüb. Ölkədə voleybolu populyar etməyin yollarından biri, bir və ya iki komanda yaradıb Türkiyə çempionatında çıxış etməkdir. Misal üçün, Bakı və Gəncədə yaradılacaq və maliyyə yatırımı ediləcək komandalar Türkiyə çempionatında oynasalar, azarkeşlərin, sonra da gənc nəslin bu növə marağını artırar. Belə olan halda, bəziləri müstəqil çempionatın üstündən birdəfəlik xətt çəkiləcəyini, avrokuboklardan kənarda qalmağı söyləyə bilər. Ancaq onsuz da ölkəmizdə normal çempionat yoxdur. Klublarımızın isə qitəmiqyaslı turnirlərdə iştirakı yadımızdan çıxıb. Belə olduqda fikir üzərində düşünməyə dəyər. Lazımi səviyyədə komanda yaradılsa, legionerlər dəvət edilsə, Türkiyə Voleybol Federasiyası da bu fikrə isti münasibət bəsləyər. Çünki Azərbaycan klublarının oynaması yeni sahə və bazarın əlavə olunması deməkdir.
Memorandumun imzalanması isə yalnız kağız üzərində faydalı olacaq. Bu memorandum nə çempionat təşkil edəcək, nə də milli komanda yaradacaq.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu