Azərbaycanlılar döyüş idman növlərini sevirlər. Uşaq vaxtı bir çoxumuz döyüş filmlərinin həvəskarı olmuşuq. Hətta “bu filmlərlə böyümüşük” desək, yanılmarıq. Bu cür kinolardakı baş qəhrəmanlar uşaqlığımızın idealı olublar.
Bu döyüşçülərə bənzəmək arzusu ilə idman klublarına üz tutanlarımız da az olmayıb. Ancaq bu addımı atanlardan çox az bir qismi bu yolda sonadək irəliləyir. Digərləri isə ya təhsili üstün tutur, ya idmanla həvəskar formada məşğul olmağa davam edir, ya da ki, döyüşə olan həvəsini televizor qarşısında belə idman növlərini izləməklə “öldürür”.
Haqqında bəhs edəcəyimiz qəhrəman da uşaq vaxtından döyüş filmlərinin həvəskarı olub. Ancaq o, bu həvəsi televiziya qarşısında yox, tatami üzərində davam etdirməyə qərar verib.
Mübariz Həsənov 1990-cı il mayın 24-də Yevlax şəhərində dünyaya göz açıb. Onun kyokuşin karate ilə tanışlığı 20 il öncəyə təsadüf edir. Tezliklə Həsənov seçiminin nə qədər düzgün olduğu bəlli olur.
Mübariz ilk olaraq yerli yarışlarda nailiyyətlərə imza atır. Karate üzrə mütləş çəkidə Azərbaycan ikincisi olur. Çox çəkmir ki, onun daxili yarışlardakı uğurları ölkə sərhədlərini də keçir. O, qarışıq döyüş növləri üzrə beynəlxalq turnirinin qalibi adını iki dəfə qazanır. 2021-ci ildə Türkiyənin İstanbul şəhərində baş tutan beynəlxalq turnirdə isə mükafatçılar sırasında yer almağı bacarır.
Mübariz öz üzərində daim çalışır. Ancaq o, təkcə öyrənmir, həm də öyrədir. Belə ki, 33 yaşlı idmançı Yevlax rayonunda yeni karate məktəbi açıb, uşaq və yeniyetmələrə bu idman növünün sirlərini öyrədir. Hazırda burada 20-ə yaxın karateçi sözügedən idman növünün sirlərinə yiyələnir.
Mübariz Həsənovun tələbələrini dekabr ayında böyük sınaq gözləyir. Onlar mövsümün son yarışı olan respublika çempionatında mübarizə aparacaqlar. Nüfuzlu yarışda Yevlaxı 2 karateçi təmsil edəcək.
Sakit təbiətinə rəğmən, inadkar olan, qarşısına qoyduğu məqsədə çatmaq üçün hər cür əziyyətə qatlaşmağa hazır olan Həsənovun yaxın gələcəkdə tələbələrinin qazandıqları uğurlarla Azərbaycan idmanına töhfə verəcəyinə ümid edirik.
BƏHRUZ MUSAYEV, YEVLAX
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu