Madrid “Real”ı maliyyə əməliyyatlarında ciddi yeniliklər edib. Bunun da nəticəsində maliyyə nizam-intizamı ilə bağlı heç bir problem görünmür. Bundan əlavə, madridlilər bir klub kimi məsrəfdən çox gəlir götürməklə məşğuldur. Bütün bunların baş verməsini səbəbi isə klubun son illərdə maliyyə idarəetməsində hesablanmış və balanslaşdırılmış siyasətin önə çıxmasıdır.

Son rəsmi məlumatlara görə, klubun 128 milyon avro nağd pulu (xəzinədə), həmçinin 265 milyon avro məbləğində götürülə biləcək krediti var. Ən önəmli olanı isə odur ki, transfer ediləcək yeni ulduz futbolçunun məvacibi üçün ən azı 5-6 illik yer boşalıb. Bu isə Kilian Mbappe və Erlinq Haalandın transferinin uzaqda olmadığından xəbər verir.

ECA (Avropa Klublar Assosiasiyası) futbol klublarının fəaliyyətinin iqtisadi sağlamlığını ölçən bir şkalaya malikdir. Onun tələblərinə görə, klubun personal xərclərinin payı ümumi gəlirin 70%-dən çox ola bilməz. Əgər ötən mövsüm Madrid “Real”ında bu 72% (712 milyon yekun gəlirlə 519 milyon məvacib xərcləri) idisə, son təsdiqlənmiş hesabatlara görə göstərici 54%-ə (843 milyon ümumi gəlirin müqabilində 452 milyon kadr xərcləri) enib. Bir tərəfdən əmək haqqı xərcləri azalıb, digər tərəfdən ümumi gəlir 17% artıb. Qalaktikos ssenarisi artıq əvvəlkindən daha yaxın görünür.

f6cdb251 a327 4ae4 85e5 73afa420f10e - Futbolinfo.az

“Real” artıq meqa-şirkətə çevrilib. Klubdan verilən məlumata görə, 30 iyun 2023-cü il tarixində orada 1072 nəfər işləyir. Yeni “Santyaqo Bernabeu”nu idarə etmək üçün bu rəqəm artırılmalıdır. Bu sözləri prezident Florentino Peres klub üzvlərin sonuncu assambleyasında bildirib. Qeyd edilən işçilərin 473-ü futbolçu və məşqçidir.

Əlbəttə ki, birinci komandanın maaşlarına gedən xərclərə xüsusi diqqət yetirilməlidir, çünki onlar ən dəyişkən və ən çox məsrəf tələb edən hissədir. Digər xərclər sabit qalır. Ən çox çətinlik də məhz futbolçu və məşqçi heyətinə məsrəflərin tənzimlənməsində olur. 30 iyun 2022-ci il tarixinə birinci komandanın maaşları 404,9 milyon təşkil edirdi.  Bu rəqəm 2023-cü ildə 326,5 milyona endirilib. Fərq 78,4 milyona bərabərdir.

Bu rəqəmlə bağlı iki vacib məqama toxunmaq lazımdır. Klubdan bildirilir ki, əsas yükün azaldılmasının səbəbi bir sıra bahalı futbolçuların gedişidir. Bu mənada Marselo, İsko və Beyl kimi oyunçuların müqavilələrinin bitməsi maliyyə departamentinin işinə yarayıb. Müqavilə bitmədən gedən yeganə futbolçu Yoviçdir. Onun sözləşməsinin bitməsinə 3 il qalmışdı.

Məvacibin aşağı düşməsi tendensiyası bu il də davam etməlidir. Belə ki, növbəti hesabatda Hazard (30 milyon avro maaş), Benzema (30 milyon), Asensio (16 milyon) və Mariano (8 milyon) kimi futbolçuların gedişi məvacib cədvəlində görünəcək.

87a24552 9039 47aa 951a 1688ebe8fda5 - Futbolinfo.az

Yeni “Santyaqo Bernabeu”  klubun gəlirlərinin artmasına zəmanət verir. Əvvəla, klub bu mövsüm üçün 939 milyonluq yekun gəlir proqnozlaşdırır ki, bu da artıq tam gerçəkləşib. Hətta gəlirin milyarda çatması da mümkündür. Ən əsası isə stadionun istismarından  317 milyon avro gəlir gözlənilir. Bu isə əvvəlkindən 150 milyon çoxdu.

İLQAR AĞAYEV

Shares: