Misli Premyer Liqasında növbəti tur “Qarabağ” üçün əla alındı. Ağdamlılar qələbə sayəsində ilk pilləyə yüksəldi, üstəlik, bütün izləyiciləri xal itirdi. Yalnız “Qəbələ” həftəni 3 xalla bitirdi ki, bu komanda da hazırda öz canının hayındadır.

Ümumiyyətlə, turun 3 oyunu bərabərliklə bitdi. “Zirə” xal itkisi sayəsində zirvəni təhvil versə də, əsas rəqibləri ilə məsafəni qorudu. 3-cü pilləyədək yüksəlmiş “Sumqayıt”a səfərdə uduzmamağı “qartallar” üçün uğurlu saymaq olar. Komanda qış fasiləsinədək üst pillələrdə qalmaq istəyir, hücumdakı problemlərin möhkəm müdafiəsi sayəndə unutdurur. Hələlik bu, alınır, Rəşad Sadıqovun yetirmələri nəticəyə hesablanmış futbolu pis oynamır.

“Araz-Naxçıvan”ın məğlubiyyət seriyasını qırmasını da qeyd etməliyik. Muxtar respublika təmsilçisi son dəqiqə qolu ilə həm “Neftçi”ni büdrədib özündən önə buraxmadı, həm də klubdaxili ab-havanı qaydasına saldı. Bakılıların buraxdığı qol isə dərs olmalıdır. Balacaboy hücunmçunun 3 mərkəz müdafiəçisindən bu qədər ustalıqla yayınıb fərqlənməsi Adrian Mutunun seçimləri ilə bağlı suallar doğurur. “Neftçi” kimi komandanın debütantla ev oyununda hesabı qorumağa çalışması, daha çox müdafiənin qayğısına qalması xoş mənzərə deyildi və cəzasını çəkdi.

Transferlərə böyük pullar xərcləyən, xüsusilə hücum oyunçuları ilə bağlı çoxsaylı seçimi olan Mutunun komanda oyununu oturda bilməməsinin əsas nümunəsi Yuri Matiasın komandanın bombardiri olmasıdır. Bakılılar elə vəziyyətdədir ki, mərkəz müdafiəçisi təsadüfi qollarla ön plana çıxmasa, “Neftçi” xala da həsrət qalar. Təsadüfi deyil, komandanın qollarının 1/4-ni bu futbolçu vurub.

Bu tur “Səbail” də əla şansı əldən verdi. “Dənizçilər” “Kəpəz”i məğlub edib vəziyyətini yaxşılaşdıra bilərdi. Amma Adil Şükürov debütündə oyunun favoritindən xal qopara, məğlubiyyətsizlik seriyasıı iki oyuna çatdıra bildi. Amma bir xal komandanın son pilləyə düşməsinə əngəl olmadı. Buna “Qəbələ”nin qələbəsi şərait yaratdı.

“Qəbələ” ən yaxınlıqdakı rəqib olan “Turan Tovuz”la matçda mövsümdəki ən yaxşı oyununu sərgilədi. 4:0 hesabı qələbənin layiqliliyinə şübhə yeri qoymur. Komanda tempi saxlaya bilsə, vəziyyətini düzəldəcək, əks halda, “Kəpəz”lə yerdəyişmələr tez-tez baş verəcək. Əvəzində tovuzluların durumu xoş deyil. Uğursuz nəticələrdən sonra qərblilər zirzəmiyə düşmək təhlükəsi ilə üzləşib. Ayxan Abbasov yetirmələrini toparlaya bilməsə, komanda üzərindəki təzyiq vəziyyəti bir az da acınacaqlı hala gətirəcək.

İstənilən halda, maraqlı mübarizə izləyirik. “Qarabağ” avrokuboklarda yoluna davam edə-edə zirvəyə qayıdıbsa, “Zirə” izləyiciləri ilə fərqi qoruyur. Digər komandalar isə çox kiçik fərqlə sıralanıblar. Qışadək ciddi yerdəyişmələr mümkündür.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp