“Hazırlığımız pis keçmədi. Demək olar ki, hər şey qaydasındadır”.
Futbolinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının 5-ci turunda səfərdə Norveçin “Molde” klubuna qarşı keçirəcəkləri matçdan əvvəlki durumdan danışıb: “Dünən son məşqimizi etdik, bir də oyun günü məşq edəcəyik. Həmin gün də hazırlığımızı tam bitirəcəyik. Gözləntimiz yaxşı oyun və yaxşı nəticədir. Ümid edirəm ki, alınar. Rəqib də yəqin ki, eyni fikirdədir, onların da şansı var”.
“İlk oyundakı çıxışı bu dəfə də “Molde” ilə matçda təkrarlaya biləcəksiniz” sualına isə Qurbanov belə cavab verib: “Çox istəyərdik ki, elə olsun. Lakin rəqibin evdə oynamağını nəzərə almaq lazımdır. Üstəlik, meydança sünidir, azarkeşləri qarşısında çıxış edəcəklər. Bunları norveçlilər üçün müəyyən üstünlük saymaq olar. Yenə də maksimum öz oyunumuzu göstərməyə çalışacağıq. Nə qədər alınacaq, onu sabah görəcəyik”.