Çempionlar Liqasının qrup mərhələsində bu gün daha 8 oyun keçiriləcək. Onlar arasında maraq doğuranlardan biri Madrid “Real”ı ilə “Napoli”nin qarşılaşmasıdır.
Vaxtı ilə İtaliya klubunu çalışdırmış Karlo Ançelotti ciddi çətinliklər qarşısındadır. Belə ki, komandada olan oyunçuların 30%-dən çoxu zədəlidir. Kurtua, Militao, Arda Gülər, Kepa, Kamavinqa, Tçuameni və digərlərinə Modriç də qatılıb.
Xorvat futbolçunun oyunda iştirak etməyəcəyi dəqiqdir. Hazırda Karlonun ixtiyarında 3 normal yarımmüdafiəçi var. Bu səbəbdən də zədəsini sağaldan Dani Sebalyosun oynaması gözlənilir.
Xatırladaq ki, ispan klubu artıq növbəti mərhələyə vəsiqəni təmin edib. Bu oyunda isə birinci yeri rəsmiləşdirmək lazımdır.
Oyunu tribunadan izləyənlər arasında “Real”ın sabiq oyunçusu Fabio Kannavaro da olacaq. “Qızıl top”un sahibi olmuş dünya çempionu qızları ilə Madridə təşrif buyurub.