Gənclər və idman naziri Fərid Qayıbov köşə yazmağa başlayandan bəri mətbuatı gözdən çıxarıb. Düşünür ki, özüm yazı yaza bilirəmsə, jurnalistlərə gərək yoxdur.

Və bu üzdən nazirliyin press-relizlərini, mətbuata açıqlamalarını, hətta sosial şəbəkə paylaşımlarını dost-tanışa, qohum-əqrəbaya həvalə edib. Onlar da layiq olmadıqları maaşı alıb ağızlarına gələni yazırlar.

Məlumunuz olsun ki…

…“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası növbəti avrokubok matçını keçirib. Azərbaycan çempionu dünən UEFA Gənclər Liqasının oyununa çıxıb. Famil Xəlilovun yetirmələri Çempionlar yolunun 2-ci mərhələsində “Olimpiakos”la qarşılaşıb.

Qəbələdə 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” cavab qarşılaşmasını Yunanıstanda keçirib. Və bu dəfə də qalib rəqib komanda olub – 4:0.

Nazirliyin rəsmi paylaşımlarında isə…

…uduzan komandanın Azərbaycanın U-19 komandası, qalibin Yunanıstanın “Olimpiakos” yığması (!!!) olduğu vurğulanıb.

Yəqin ki, Qayıbov bu paylaşımı oxuyandan sonra xəbərləri, paylaşımları da özü hazırlayar. Hətta təsis edib sandığa qoyduğu, heç bir fəaliyyətini görmədiyimiz Azərbaycan İdman Jurnalistləri Federasiyasına da etibar etməz.

P.S.: Bəlkə AGİN bu paylaşımı bilərəkdən edib və AFFA-nı gözdən salmaq niyyəti güdür? Axı, futbolu ələ keçirmək üçün tam səfərbər olublar…

0fde85cb 33e6 4c2f a6cf 469ee163168a - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp