Türkiyənin “Fənərbağça” klubunun basketbolçusu Yam Madar “Beşiktaş”la matçda azarkeşlərdən birinin meydançaya naməlum əşya atması nəticəsində qismən görmə qabiliyyətini itirib.
Azarkeşin atdığı əşya israilli basketbolçunun qaşını kəsib. İnsident baş verən kimi “Beşiktaş”ın məşqçiləri və basketbolçuları azarkeşləri sakit olmağa çağırıblar. Meydançanı tərk edən müdafiəçi sonradan oyuna qayıdıb və sona qədər çıxışını davam etdirib. Matçdan sonra Madar görmə qabiliyyətinin qismən itirilməsindən şikayətlənib.
Bu hadisələr fonunda “Fənərbağça” klubunun rəhbərliyi federasiyanı hərtərəfli araşdırmaya çağırıb. İstanbul klubu təhlükəsiz idman mühitinin təmin edilməsinə cavabdeh olan Türkiyə Basketbol Federasiyasından günahkarların müəyyən edilərək cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, “Beşiktaş” “Fənərbağça”ya 68:64 hesabı ilə qalib gəlib. Hazırda Türkiyə Basketbol Çempionatının turnir cədvəlinə “Fənərbağça” başçılıq edir, “Beşiktaş” isə dördüncü yerdədir.