Liderlə autsayderin görüşü elə bu cür də bitməli idi. Gözlənilən oldu, darmadağın reallaşdı.
“Qarabağ” ilin sonunda növbəti dəfə çətin qrafikə girir. Avropa Liqasında “Hakken”lə vacib oyun öz yerində, Misli Premyer Liqasında “Sumqayıt” və “Zirə” kimi liderlər qrupunun sakinləri, eləcə də əzəli rəqib olan “Neftçi” ilə çətin qarşılaşmalar var. Bu səbəbdən “Qəbələ” ilə oyuna barmaqarası yanaşılması mümkünsüz idi.
Çətin Norveç səfərindən qayıtmasına baxmayaraq, “Qarabağ” bölgə komandasına qarşı ciddi hazırlaşdığını ilk dəqiqələrdən büruzə verdi. Erkən qol vuruldu, üstəlik, fasiləyədək ərazi üstünlüyü meydan sahiblərində oldu. Fasilədən sonra isə qonaqların müqavməti tamamilə qırıldı və fərq böyüdü. Düzdür, “Qəbələ” ikinci hissədə iki dəfə dirəyi nişan ala bildi, amma rəqibin real qol şansları daha çox idi.
“Qarabağ” demək olar, ikinci heyəti ilə, özünü yormadan asan qələbə qazandı. Matçı komanda üçün “Molde” ilə oyundan sonrakı bərpa məşqi də saymaq olardı. Aşkar zəif olan “Qəbələ” bəzən müqavimət göstərməyə çalışsa da, səviyyə fərqi sözünü dedi. “Qırmızı-qaralar” getdikcə autsayderlər qrupuna daha çox öyrəşir.
Hələ cəmi 15 tur geridə qalıb. Ağdamlılar sürət yığaraq əsas izləycisindən 4, digər əsas rəqiblərdən 9-10 xal öndədir. Və bütün bunları Avropa Liqasında uğurla yarışaraq, gücünü bölüşdürərək edib. Deməli, çempionatın yaz bölümündə “Qarabağ” çempionluğa doğru birnəfəsə yürüyəcək. Digər komandaların təxminən eynigüclü olduğunu, bir-birini büdrədəcəyini nəzərə alsaq, “atlılar” ciddi əziyyət çəkməyəcək.
FƏRİD