Son günlər “Araz-Naxçıvan”la bağlı qəribə xəbərlər gəlir. Sosial şəbəkədə, eləcə də futbol dairələrində komandanın oyunlarının nəticələrinin manipulyasiya olunması barədə eşidirik.
Belə xəbərlər Muxtar Respublika təmsilçisinin son turdakı oyunundan sonra çoxalıb. Naxçıvanlıların müdafiəçisinin “Səbail”lə matçın son dəqiqələrində topu öz qapısına göndərməsi, həm də bunu şübhəliformada etməsi əksəriyyəti şübhəyə salıb.
Təbii ki, bu iddiaların faktla sübut olunan əsası yoxdur. Lakin sosial şəbəkədə bununla bağlı ciddi iddialar var. Hətta komandanın favorit sayıldığı “Kəpəz”lə ev matçındakı məğlubiyyəti də şübhəli sayılır. Klub rəhbərliyi iddialara cavab versə, pis olmaz.
Söz-söhbətə səbəb təkcə Numan Kurdiçin avtoqol müəllifi olması deyil. Komanda daxilindən son vaxtlar qəribə xəbərlər eşidilir. Bosniya və Herseqovinadan olan 3 legionerin “müxtəlif” işlərlə məşğul olması barədə siqnallar var. Onlara bəzi yerli oyunçuların qoşulduğu deyilir.
Baş məşqçi Azər Bağırovun vaxtilə “Qəbələ”dən niyə qovulduğunu çox az adam bilir. Onun sonrakı, xüsusilə I Divziondakı fəaliyyəti də qəribəliklə dolu olub.
Kimisə konkret nədəsə ittiham etmirik, ancaq şübhələrin olduğunu, bu adamlara, kluba daha diqqətl davranılması gərəkdiyini düşünürük. Mətbuatın işi şübhələri, xəbərləri ictimailəşdirmək, ehtimalları diqqətə çatdırmaqdır. Ən azı araşdırmağa, maraqlanmağa dəyər.