“Zirə” Futbol Akademiyasının rəhbəri Zaur Həşimovun futbolinfo.az saytına müsahibəsi

– Artıq bir müddətdir ki, “Zirə” klubunun akademiyasına rəhbərlik edirsiniz. İşin içində olan biri kimi, bu gün Azərbaycanda uşaq futbolunun əsas problemlərinin nədən ibarət olduğunu düşünürsünüz?

– Bəli, artıq 3 ildir ki, “Zirə” akademiyasına rəhbərlik edirəm. Bu 3 ilin biri pandemiya dövrünə təsadüf edib. Son 2 ildə uşaq və gənclər liqaları tam qrafiklə keçirilib. Biz də işimizi bu qrafikə uyğun yerinə yetiririk. Uşaq futbolunun problemləri çoxdur. Süni meydançalar, meydança çatışmazlığı, uşaqların az məşq etməsi, individual məşqlərin olmaması və s. Bu siyahını istənilən qədər uzatmaq olar.

– Təxminən 10 ilin klubu olan “Zirə”nin öz yetirmələrinin sayı niyə azdır? Nəyə görə akademiyadan buvaxtadək az sayda uşaq üzə çıxıb?

– Deməzdim ki, yetirmələrimizin sayı azdır. Bolqarıstanda legioner həyatı yaşayan Cəlal Hüseynov akademiyamızın yetirməsidir. Təəssüf ki, əsas komandada debüt edən daha bir yetirməmiz, 2005-ci il təvəllüdlü Ramiz Muradov isə hərbi xidmətə yollanası oldu. Bu gün birinci liqada “Zirə” akademiyasının bir neçə yetirməsi çıxış edir. Bir çox istedadlı yetirməmiz şərait baxımından bizdən daha yaxşı olan komandalara keçirlər. Sonra əsas komandalara onların yetişdirdiyi futbolçu kimi cəlb olunurlar. Hazırda da öz yetirməmiz olan milli futbolçularımız var. Onları komandada saxlamağa çalışırıq.

– Siz akademiyanın rəhbəri təyin edilənədək oradakı vəziyyət necə idi və gəlişinizdən sonra akademiyada hansı işlər görülüb, nə kimi dəyişikliklər olub?

– Daha əvvəl texniki heyət problemi olub. Məşqçi çatışmazlığı var idi. Mənim gəlişimdən sonra aşağı yaş qrupları üzrə komandalarımıza həkimlər, fizioterapevtlər, yeni məşqçilər dəvət olunub. Əsasən də həkim və qapıçı məşqçisi problemi həll edilib. Dəvət etdiyimiz məşqçilər əsasən keçmiş futbolçulardır. Bundan əlavə, bir çox məşqçinin maariflənməsində klub maddi dəstək göstərib. Hazırda akademiyamızda işlər lazımi səviyyədədir. Yalnız məşq meydançaları baxımından sıxıntımız var.

– Hazırda akademiyanızda gələcəyə ümid verən uşaqlar varmı?

– Əlbəttə, var. Həm akademiyamızda, həm də əvəzedici heyətdə gələcəyə ümid verən uşaqlar var. İndi onların əsasən futbolçu və şəxsiyyət kimi inkişafını düşünürük. Aralarında gələcəkdə Premyer Liqa klublarında oynayacaqlarına ümid etdiyimiz futbolçular var.

– Neçə ildən sonra akademiyadakı əməyinizin bəhrəsini görə biləcəksiniz?

– Hazırda əvəzedici heyətdə oynayan uşaqların əksəriyyəti öz akademiyamızda yetişən futbolçulardır. Bir neçə müddətdən sonra onların adlarını əsas komandada görə biləcəyik.

–  Uşaq futbolunda mövcud problemlərdən biri də məşqçilərin az məvacib almasıdır. Bu məsələ sizin klubda hansı səviyyədədir?

– Mənim gəlişimdən sonra məşqçilərin məvacibi 2, hətta bəzilərində 3 dəfə qaldırılıb. Əlbəttə ki, buna görə klub rəhbərliyinə təşəkkür düşür. Düzdür, mən istəyirəm ki, məşqçilərimiz daha çox məvacib alsınlar. Amma hazırda onların maaşları yaxşıdır. Biz məvacibi məşqçilərin nəticəsinə və ya kimliyinə görə deyil, məşqçi kateqoriyasına görə təyin etmişik. Daha üst kateqoriya daha çox maaş deməkdir. Bu, onların inkişafı üçün həm də bir stimuldur.

– Bu gün uşaq futbolunda çalışa biləcək yetərli sayda məşqçimiz varmı?

– Məşqçi çoxdur. Ancaq özünün inkişafı üzərində işləyən məşqçi azdır.

– Bəzi valideynlər uşaq məşqçilərinin işinə müdaxilə edirlər, onlara təzyiq göstərirlər. Bu cür problemlərlə üzləşməmək üçün nə edilməli, valideynlərlə ünsiyyət hansı səviyyədə qurulmalıdır?

– Düzü, bizim akademiyada belə hallar, demək olar ki, yoxdur. Amma belə hal baş verirsə, uşağın hansı bacarıqda olmasından asılı olmayaraq, onunla yolları ayırırıq. Bu mövzuda bizim məşqçilərin peşəkarlığını da qeyd edərdim. Hazırda “Zirə” akademiyasında çalışan bütün məşqçilər işlərinin öhdəsindən layiqincə gəlirlər.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 - Futbolinfo.az
Shares: