“Şamaxı”nın yarımmüdafiəçisi Abbas Ağazadənin futbolinfo.az saytına müsahibəsi

– “Səbail”ə 0:6 uduzdunuz. Nəticə səviyyə fərqinin göstəricisidir?

– Oyuna pis başlamamışdıq. Birinci hissədə meydanda rəqibdən yaxşı idik. Topla daha çox oynayırdıq, epizod yaradırdıq. Amma “klass” fərqi var idi. Qol vursaydıq, bəlkə də hər şey fərqli olacaqdı. Amma alınmadı. Rəqib əks-hücumdan və penaltidən qol vurdu. Yəni oyundan epizod yarada bilmədilər.

– Açığı, “Şamaxı” ötən il Premyer Liqadan düşdüyü üçün komandanın həmin vaxtdakı əsas rəqibi “Səbail”ə müqavimət göstərəcəyi gözlənilirdi. Ədalətli nıticə necə olardı?

– Əslində, düz deyirsiz ki, bu baxımdan digər aşağı divizion komandalarından üstün idik. Çünki ötən il Premyer Liqada oynamış xeyli futbolçumuz var idi. Əslində, ədalətli nəticə ilə bağlı nəsə demək düz olmaz. Sadəcə, biz ilk hissədəki kimi oynasaydıq, ən azından hesab böyük olmazdı.

– Birinci liqada iddialılardan sayılırsız, növbəti mövsüm Premyer Liqaya yüksəlməyə əsas namizədlərdənsiz. Bu cür məğlubiyyətlər sizi ümidsiz etmir?

– İnanmıram ki, bu məğlubiyyətin liqadakı oyunlara təsiri ola. Çünki rəqibin gücü bəllidir. İstənilən halda, biz özümüzü məğlubiyyətə deyil, nəticəyə hazırlamışdıq. Yəni alınmadı, Premyer Liqa komandası idi və gözlənilən şeylər var idi. Əlbəttə ki, biz də mərhələ keçmək istəyirdik, amma olmadı.

– Birinci liqada durumla bağlı nə düşünürsən? “Şamaxı” yenidən Premyer Liqaya qayıtmaq üçün nə etməlidir?

– Əsas çempionata qayıtmaq üçün böyük şansımız var. Heyətimiz yaxşıdır, Premyer Liqa təcrübəsi olan oyunçularımız çoxdur. Amma Birinci Liqada futbol tamam başqadır, orada oynamaq asan deyil. Sadəcə, çempionatın ikinci yarısında heyətimizi bir az da gücləndirib Premyer Liqaya qayıda bilərik.

– Səncə, Birinci Liqa bu il daha maraqlıdır?

– Əvvəllər də bu liqada oynamışam. Ötən il əvəzedici heyətlə qarışıq olanda fərqli idi, indi daha fərqlidir. Həm də İkinci Liqa yarandı və futbolçuların çoxu orada oynamağa başladı. Bu da Birinci Liqaya təsir etdi, həm gücləndi, həm maaşlar artdı. Təsəvvür edin, indi burada maaşlarda ötən illə müqayisədə ikiqat fərq var. Bu da inkişafa kömək edir. Liqa sayı da, klub sayı da artsa, daha yaxşı olar. Bu cür liqalar olmasa futbolumuz üçün çətin olacaq. Onsuz da oyunçu yetişdirmək çətindir, komanda az olanda daha da çətinləşir.

AĞA

Shares: