“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” 3 futbolçusunun xidmətindən məhrum qalıb.

Futbolinfo.az xəbər verir ki, Portuqaliya klubunun oyunçuları Afrika Millətlər Kubokunda iştirak üçün milli komandalarının düşərgəsinə yollanıblar. Bunlar malili mərkəz müdafiəçisi Sikou Niakate, ekvatorial qvineyalı hücumçu Luis Nlavo və konqolu ön xətt oyunçusu Simon Banzadır.

Adıçəkilən futbolçular “Braqa”nın bir neçə çempionat matçını buraxmalı olacaq. Bu isə daxili liqada çempionluq uğrunda mübarizə aparan komanda üçün ciddi itki sayılır.

Baş məşqçi Artur Jorjeni narahat edən əsas məqam isə Niakate, Nlavo və ya Banzanın yığmadan zədəli qayıtmasıdır. Bu isə Avropa Liqasında hədəfə çatmaqda portuqaliyalılara mane ola bilər. Xüsusən də çempionatın bombardiri Banzanın sıx qrafikdə yorulma və ya zədələnmə ehtimalı portuqaliyalı mütəxəssisi indidən alternativ variantlar barədə düşünməyə vadar edib.

Yanvarın 13-də start götürəcək Afrika Millətlər Kuboku fevralın 11-dək davam edəcək. “Qarabağ”la “Braqa” arasında pley-off oyunları isə fevralın 15-də və 22-də keçiriləcək.

Shares: