“Səbail” klubunun müdafiəçisi Yusif Nəbiyevin futbolinfo.az saytına müsahibəsi

– Mövsümün ikinci yarısına hazırlıq necə keçdi? “Səbail” çempionatın qalan hissəsinə tam hazırdır?

– Hazırlığımız normal qaydada, plan üzrə davam edir, daha doğrusu, yekunlaşmaq üzrədir. Yaxşı hazırlıq keçdiyimizi düşünürəm. İki yoxlama oyununda iştirak etdik. İlk matçda Rumıniya təmsilçisi “Universitatya Kluj”la qolsuz heç-heçə etdik, digərində isə Rusiyanın “Fakel” klubuna 0:1 hesabı ilə uduzduq. Yanvarın 16-da son məşqimizi edib, 17-i səhər saatlarında vətənə qayıdacağıq. Mövsümün ikinci yarısına hazırıq.

– Bu il bəzi klublarımız təlim-məşq toplanışı üçün Antalyaya getmədilər. Bu, Türkiyəyə gedənlər üçün hər hansı bir üstünlük qazandıra bilər?

– Bu barədə dəqiq bir şey deməyə çətinlik çəkirəm. Amma bir futbolçu kimi, Antalyada hazırlıq üçün hər bir şəraitin olduğunu deyə bilərəm. Bunun bizə müsbət təsir edəcəyini düşünürəm. İnşallah, bəhrəsini çempionat oyunlarında görərik.

– Qış fasiləsinə 5-ci pillədə yollandınız. Komandanın aparıcı futbolçularından biri olaraq, bu nəticə sizin üçün qənaətbəxşdir?

– Zamanla daha yaxşı olacağımıza əminəm. Əslində, bu mərhələyə qədər nəticənin böyük əhəmiyyəti yoxdur. Əsas mübarizə fasilədən sonra olacaq. Uğurlu nəticə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik.

– Çempionatın ikinci yarısında daha gərgin mübarizənin gedəcəyini nəzərə alsaq, “Səbail”in gücü mövsümü hansı pillədə bitirməyə yetəcək?

– Bizim çox yaxşı komandamız var. İlk dövrədə oyunlarımız və nəticələrimizlə bunu göstərdik. Ümid edirəm ki, çempionatın ikinci yarısında da bunu davam etdirərik. Premyer Liqanın səviyyəsi çox yüksəkdir. Çox güclü komandalar mübarizə aparırlar. Hər tur turnir cədvəlində yerdəyişmələr ola bilər. Buna görə mövsümün sonu üçün hansısa fikir bildirmək çətindir.

– Fasilədən sonra ilk oyununuz “Zirə”yə qarşı olacaq. Bu komandaya ilk 2 dövrədə qalib gələ bilməməyinizin səbəbini nədə görürsünüz və budəfəki matçdan hansı nəticəni gözləyirsiniz?

– Fasilədən sonra ilk oyunlar hər zaman çətin olur. “Zirə” və digər komandalara qarşı yaxşı oynamaq üçün Antalyada təlim-məşq toplanışına gəlmişik. Tam qüvvəmizlə çalışaraq mövsümü uğurlu yerdə bitirmək istəyindəyik.

– “Səbail” üçün faydalı futbolçulardan birisiniz. Cari mövsümü karyeranızın ən yaxşı dövrü hesab etmək olar?

– Hər zaman oynadığım klublarda ən yaxşısını etməyə çalışmışam, burada da edirəm. Çıxışımı yalnız baş məşqçimiz dəyərləndirə bilər. Bundan sonra da nə bacarıramsa, edəcəyəm.

– Qış transfer dövründə digər komandalarımızdan sizə təkliflər gəlib? Gələcək karyeranızla bağlı planınız nədir?

– Bu dəqiqə tək düşüncəm komandamın uğur qazanmasıdır. Başqa heç nəyi fikirləşmirəm. Məqsədim çempionatın ikinci yarısına uğurlu başlamaq və mövsümü uğurlu bitirməkdir.

AĞA

Shares: