“Australian Open”də dünənlə müqayisədə bugünkü oyunlar elə də gərgin alınmayıb. Kişilərin yarışında cəmi 1 oyun 5 set davam edib.
Bir neə gün əvvəl reytinqin 20-ci pilləsinə qalxan Mannarino gənc ABŞ-li Şelton qarşılaşıb. Fransız tennisçi qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Onun 4-cü raundda rəqibi Novak Cokoviç olacaq. Serbiyalı tennisçi özü isə argentinalı Etçeverriyə 3 setdə qalib gəlib.
Əsas favoritlərdən sayılan Yannik Sinner də rahat qələbə qazanıb. İtalyan idmançı argentinalı Baesi məğlubiyyətə uğradıb – 6:0, 6:1, 6:3.
Son vaxtlar yaxşı formada olan avstraliyalı Aleks Minor da rahatlıqla növbəti mərhələyə adlayıb. Onun növbəti raundda rəqibi Kordanı 3 setdə məğlub edən Rublyov olacaq.
Yunanıstanlı tennisçi Stefanos Tsitsipas Van Eşlə görüşdə 3 setdə qələbə qazanıb. Teylor Frits isə macarıstanlı Maroşanı məğlub etmək üçün 4 set oynamalı olub.
Qadınların yarışında Mirra Andreyeva nağılı davam edir. Caberi mübarizədən kənarlaşdıran 16 yaşlı rusiyalı Perriyə də qalib gəlib. Belaruslı Sabalenko isə karyerası ərzində ilk dəfə rəqibə 1 geym vermədən qələbə qazanıb. O, ukraynalı Tsurenkonu darmadağın edib – 6:0, 6:0. Digər favorit Qauff Parksı 2 setdə məğlubiyyətə uğradıb. Tsitsipasın qız rəfiqəsi Badoza ABŞ-ni təmsil edən Anisimovaya uduzaraq yarışı tərk edib.