Sərbəst güləşçilərin Göygöl Olimpiya İdman Kompleksində keçirdiyi təlim-məşq toplanışı yekunlaşıb. Yanvarın 7-də start götürən toplanışda gənclərdən və böyüklərdən ibarət milli komandalar iştirak edib.

Baş məşqçi Xetaq Qazyumovun sözlərinə görə, gündə 3 dəfə keçirilən məşqlərdə əsasən fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilib. Hazırlığın səmərə verəcəyinə əminliyini ifadə edən baş məşqçi bunun yığmanın üzvlərinin iştirak edəcəyi yarışlarda özünü büruzə verəcəyini bildirib.

Xetaq Qazyumov hazırlığın faydalı olduğuna əmindir: “Toplanışın müsbət nəticələr verəcəyinə inanırıq. Çünki ötən il də burada hazırlaşıb uğurlu nəticələrə imza atmışıq. Bu il Avropa çempionatı üçün heyətimiz bir az fərqli olacaq. Çünki bizim üçün əsas olan lisenziya xarakterli turnirdir. Komandada əhvali-ruhiyə yaxşıdır. Hamı məşqlərə köklənib. Biz yaxşı bilirik ki, olimpiya ilidir. Və həmişə olduğu kimi güləşçilərimizdən yüksək nəticələr tələb olunur. Uşaqlar da bunu dərk edirlər. Komanda üçün faydalı olacaq təlim-məşq toplanışları təşkil edirik. Müzakirələr aparırıq, üzərimizdə böyük məhsuliyyətin olduğunu idmançılara izah edirik”.

Sərbəst güləşçilərin Göygöl toplanışı gələn ay Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

BƏHRUZ MUSAYEV, GÖYGÖL

Shares: