“Qələbə qazandığımız üçün şadam. Fasilədə keçirdiyimiz məşqlərin, hazırlığın bəhrəsini gördük”. Bunu futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Şakir Seyidov deyib.

O, Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Bu qalibiyyət bizim növbəti oyunlarımıza təsir edəcək. Çünki qələbə qazandıqca iştah artır. Həm də komandada ab-hava yaxşı olur. Üstəlik, bu oyunda qol vurdum və bu da məni sevindirir. Ümid edirəm ki, davamı gələr”.

Seyidov növbəti turda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Hər kəs bilir ki, “Qarabağ” Azərbaycanın bir nömrəli komandasıdır. Məşq edib bu oyuna hazır olacağıq. Xal və xallar qazanmaq istəyirik”.

Futbolçu hakim idarəçiliyi ilə bağlı suala belə cavab verib: “Hər insan səhv edə bilər. Səhv qərar hamımızda olur. Amma hakimlikdən çox danışmaq mənə düşməz”.

Shares: