“Araz-Naxçıvan” klubunun moldovalı qapıçısı Kristian Avramın futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının ikinci yarısına məğlubiyyətlə başladınız. “Qarabağ”a 1:3 hesabı ilə uduzduğunuz görüşlə bağlı nə deyə bilərsiniz?
– Güclü rəqiblə oyunumuz yaxşı alındı. Matç ümumilikdə çox maraqlı keçdi, xeyli sayda qol epizodları oldu. Düzdür, meydanı məğlub tərk etdik. Bununla belə, “Qarabağ”a qarşı pis oynamadığımızı əminliklə söyləyə bilərəm.
– Buraxdığınız ilk qolda komanda yoldaşınız Numan Kurdiçlə aranızda anlaşılmazlıq yaşandı. Həmin anda niyə bir-birinizi başa düşmədiniz?
– Açığı, həmin epizodla bağlı nə deyəcəyimi bilmirəm. Niyə elə oldu, mən də səbəb tapmaqda çətinlik çəkirəm. Yəqin dediyiniz kimi, bir-birimizi başa düşmədik. Bu da avtoqolla nəticələndi.
– Mövsümün ikinci yarısına Azərbaycanda hazırlaşan komandalardan biri “Araz-Naxçıvan” oldu. Ölkə xaricində təlim-məşq toplanışı keçməməyiniz sizə hər hansı bir çətinlik yaratmadı? Komandanız mövsümün ikinci hissəsinə yaxşı hazırlaşa bildimi?
– Xaricə toplanışa getməməyimizin bizə çətinlik yaratdığını düşünmürəm. Məşqçilərimiz əla hazırlıq planı tərtib etmişdilər. Azərbaycanda qalsaq da, yaxşı toplanış keçirə bildik.
– Çempionatın XX turu çərçivəsində bazar günü “Sumqayıt”la qarşılaşacaqsınız. Şansları necə dəyərləndirirsiniz?
– Yaxşı təşkilatlanmış komandaya qarşı oynayacağıq. Oyun 0:0 hesabı ilə başlayır. Bu isə o deməkdir ki, matçın əvvəlində hər iki komandanın qələbə qazanmaq şansı eyni olur. Ancaq əsas məqam hansı tərəfin daha inamlı təsir bağışlaması, əlinə düşən qol imkanlarından maksimum istifadə etməsidir. Necə olacağını, hansı hesabın qeydə alınacağını oyunun sonunda biləcəyik.
– Cari mövsümdə hələ ki, “Sumqayıt”a qalib gəlməmisiniz. Necə düşünürsünüz, bu dəfə 3 xal əldə edə biləcəksiniz?
– “Araz-Naxçıvan” həmişə qələbəyə köklənir. Biz hər bir matça qalib gəlmək istəyi ilə çıxırıq. Əminəm ki, “Sumqayıt”la budəfəki görüşdə komandamız qələbə qazanan tərəf olmaq üçün bütün gücünü meydanda qoyacaq.
– Turnir cədvəlindəki hazırkı vəziyyət onu göstərir ki, “Araz-Naxçıvan”ın mövsümü ikinci pillədə bitirmək şansı var. Bu şansdan faydalanmaq mümkün olacaqmı?
– Çempionatın yekunu ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Heç kim indidən hansı komandanın liqanı neçənci pillədə bitirəcəyini əminliklə deyə bilməz. Təbii ki, maksimum dərəcədə yuxarı pillələrə qalxmaq üçün əlimizdən gələni edəcəyik. İstəyimiz də budur ki, turnir cədvəlində irəliləyək.
– Artıq yarım ildir ki, Azərbaycan çempionatında çıxış edirsiniz. Premyer Liqadakı rəqiblərinizin heyətində hansı hücumçuları daha təhlükəli hesab edirsiniz?
– Hər komandanın heyətində yaxşı futbolçular var. Ancaq ən təhlükəli hücumçular “Araz-Naxçıvan”dadır.
ABBAS