Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədovun futbolinfo.az saytına müsahibəsi

– Çempionatımızın cari mövsümündə yaxşı mənada diqqətinizi çəkən qapıçılar hansılardır?

– Hazırda Azərbaycan Premyer Liqasında ən çox bəyəndiyim qapıçı “Qarabağ”da çıxış edən Andrey Lunyovdur. O, etibarlı çıxışı ilə həm çempionatda, həm də Avropa Liqasında komandasına fayda verir. “Zirə”nin qolkiperi Tiaqo Silvanın da adını çəkərdim. “Zirə” çempionatda ən az qol buraxan komandadırsa, bu, artıq qapıçının etibarlı çıxışından xəbər verir.

– Lunyovu bu vaxta qədər “Qarabağ”a gəlmiş ən güclü qapıçı adlandıranlar az deyil. Bu fikirlə razısınız?

– Məncə, onu ən güclü adlandırmaq düz çıxmaz. Çünki hər qapıçının oynadığı, yaxşı formada olduğu, komandasına xeyir verdiyi dövr olur. O qolkiperlərdən biri də Şahruddin Məhəmmədəliyevdir. Uzun illər “Qarabağ”ın qapısını qoruyub, lazımi səviyyədə çıxış edib. Bu gün Şahruddinin üstündən xətt çəkərək Lunyovu ən güclü hesab etmək düzgün deyil. Əlbəttə ki, Lunyov təcrübəli, səviyyəli qolkiperdir. Bunu heç kim dana bilməz.

– Məhəmmədəliyevin Türkiyə Superliqasındakı çıxışı haqda nə deyə bilərsiniz? Artıq daimi olaraq əsas heyətdə yer alır və “Beşiktaş”la matçda (0:0) 6 seyv etməklə oyunun ən yaxşı oyunçusu seçildi…

– Şahruddin Türkiyədə pis təsir bağışlamır. “Beşiktaş”la matçda qol buraxmadı, inamlı çıxış etdi. Düzdür, əvvəlki oyunların, demək olar ki, hamısında top buraxmışdı. Lakin bu, Şahruddinin zəif olması demək deyildi. Özünü doğrulda bilir. Türkiyə çempionatının səviyyəsi yüksəkdir, rəqiblər yaxşı komandalardır. O cür rəqiblərlə oyunlarda Şahruddinə şans verilir. Artıq komandasının əsas qapıçısına çevrilib.

– “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu gənc qolkiper Rza Cəfərova bəzi oyunlarda şans verirdi. Görünən odur ki, Miodraq Bojoviç də ona güvənir. Çünki “Sabah”la matçda (0:0) qapıda məhz Rza yer almışdı. Sizcə, Cəfərov əsas heyətdəki yerini qoruya biləcək? Yoxsa onun icarə əsasında müntəzəm çıxış edə biləcəyi kluba keçməsi özü üçün daha faydalı olar?

– Ola bilsin, Bojoviç limitə görə növbəti oyunlarda da Rzaya şans versin. Gənc qapıçıdır, oynamalıdır. Əgər daimi oynamayacaqsa, onda öz inkişafını nəzərə almaqla başqa bir kluba keçməsi daha yaxşı olar. Növbəti turları gözləyək. Görək, Bojoviç yenə Rzaya şans verəcək, ya yox?

– Azərbaycanlı qapıçılardan kimlər gedib Şahruddin kimi ölkə xaricində oynaya, əsas heyətə düşə bilərlər?

– Əgər Türkiyə Superliqası səviyyəsindəki çempionatları nəzərdə tutursunuzsa, o təcrübədə olan yerli qapıçı çox azdır, demək olar ki, yoxdur. Şahruddin qədər təcrübəli və millidə daim meydana çıxan qapıçımız olsaydı, buna inanmaq olardı. Bu gün o performansda qolkiperimiz yoxdur.

– Klubların aşağı yaş qruplarında gələcəkdə yaxşı qapıçı ola biləcək istedadlı uşaqlar varmı?

– Hazırda millidə işlədiyimə görə, aşağı yaş qruplarında keçirilən bütün oyunlara gedib baxıram. Klubları, məşqçiləri ilə danışırıq ki, uşaqların perspektivini artırması üçün şərait yaradılsın. Aşağı yaş qruplarında Sadiq, Səlim, Həbib adlı, Qaragözlü soyadlı istedadlı qapıçılar var. Sadəcə, onlarda bir az aqressiya, istək, çılğınlıq, oyunu idarə etmək bacarığı çatışmır. Bu da oyun praktikası sayəsində qazanılır. I Liqada əksər klublarımız yaşlı qapıçılar oynadırlar. Yaxşı olar ki, I Liqa klublarında gənc qapıçılar meydana çıxsınlar. Gələcəkdə güclü qapıçıların yetişməsi üçün biz o uşaqlara inanmalı, şans verməliyik.

CAVAD

Shares: