Basketbol üzrə Avroliqa turnirində 23-cü tura yekun vurulub. Bir gün əvvəl “Fənərbağça”nın uğurunu “Anadolu Efes” təkrarlaya bilməyib. İstanbul təmsilçisi evdə “Monako”ya məğlub olub – 78:80.
Oyun ərzində dəfələrlə lider dəyişib. Bu da qarşılaşmanın maraqlı və gərgin keçməsi deməkdir. Son saniyələrdə meydan sahiblərinin hesabı bərabərləşdirmək cəhdi uğursuz alınıb. Rodriq Bobuanın atışı dəqiq olmayıb. Beləliklə də, Türkiyə komandasının turnir cədvəlindəki vəziyyəti bir qədər də çətinləşib.
İspaniya komandalarının oyununda “Valensiya” qalib gəlib. Onlar “Baskoniya”nı səfərdə 77:62 hesabı ilə məğlub ediblər. “Partizan” isə evdə “Jalgiris”dən üstün olub. Hesabda geri olmalarına baxmayaraq, Obradoviçin komandası qısa zaman ərzində hər şeyi qaydasına salmağı bacarıb – 81:72.
Daha bir maraqlı görüş Milanda baş tutub. Meydan sahibləri “Barselona”nı 74:70 hesabı ilə məğlub edərək turnir cədvəlində vəziyyəti bir qədər də gərginləşdiriblər.
Hazırda lider Madrid “Real”ıdır. Bu tur onun əsas izlyiciləri olan “Barselona”, “Virtus” və “Panatinaikos” komandaları məğlub olub.