“Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 20-ci turunda “Zirə”nin 1:0 hesabı ilə etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Rusiyalı məşqçi komandasının qələbəsini şərh edib.
– Çətin oyun alındı. Meydanın hər qarışı uğrunda gərgin mübarizəyə şahidlik etdik. Bizim “Zirə” ilə oyunlarımız həmişə belə alınır. İlk hissədə zəif təsir bağışladıq. Amma fasilədən sonra daha yaxşı oynadıq. Yekunda qol vurub, vacib qələbə qazandıq. Düşünürəm ki, qələbəyə layiq idik.
– İlk hissədə komandanız özünə bənzəmirdi. Fasilədə nəyi dəyişdiniz?
– Birinci hissədə ötürmələrin çoxu səhv alınırdı. Anatoli Nuriyevin bir epizodu oldu. Topa çox nəzarət edə bilmirdik. Azlıqda qaldıqdan sonra daha çox əks-hücumlara bel bağlayırdıq. Nəticədən asılı olmayaraq futbolçularımdan razı qalacaqdım.
– “Zirə” penalti epizodu ilə bağlı narazılığını bildirir. Bu fikirlə nə dərəcədə razısınız?
– Mən də çox şeydən narazıyam. Bu gün Elvin Camalova verilən qırmızı vərəqə düzgün deyildi. Eləcə də ötən turda futbolçumuza göstərilən qırmızı vərəqə ilə narazıyam. Düşünürəm ki, imkan vermək lazımdır ki, oyunun ritmi pozulmasın. Çox təəssüf ki, hər matçdan sonra məşqçilər hakimlərdən narazı qalırlar.
– İsak Belfodil sanki komandaya fayda vermir. Onu nə vaxt optimal formada görəcəyik?
– O, komanda ilə birgə hazırlıq keçib. Bu gün artıq beşinci oyun idi ki, start heyətində yer alırdı. İnanıram ki, tezliklə özünü yaxşı tərəfdən göstərəcək. Belfodil yüksək səviyyəli futbolçudur. Xüsusi hücumçudur. Bir qədər biz oyunumuzu onun tərzinə, bir qədər də o, komandanın tərzinə uyğunlaşmalıdır.
– Demək olar ki, Nicat Mehbalıyev artıq “Sabah”ın “1 nömrə”sidir?
– Bir qədər də artırmalıdır. Bəli, bugünkü qələbəmizdə pay sahibi oldu. Amma o, hələ cəmi 2 matçda qapısını toxunulmaz saxlayıb. Ona görə də hələ çox tərifləmək lazım deyil.