Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatında yeni mövsümöncəsi heyətində köklü dəyişiklilər edir.
Futbolinfo.az saytı xəbər verir ki, Stokholm təmsilçisi artıq 7 futbolçusu ilə yollarını ayırıb. Onlardan Yesper Löfqren “Lütsern”ə (İsveçrə) icarəyə verilib, Karlos Moros HİK-ə (Finlandiya), Albion Ademi “Varnamo”ya (İsveç) keçib. Pyerr Benqtsson, Elliot Kek, Tommi Vaiho və Andre Pikornell isə azad agent statusu alıblar.
Daha 3 oyunçu komandadan ayrıla bilər. Yarımmüdafiəçi Hampus Finndell, eyni zamanda hücumçular Besard Saboviç və Noel Milleskoq üçün təkliflər var. Kapitan Maqnus Eriksson da təklif almasına baxmayaraq, komandada qalmaq qərarına gəlib.
Məşqçilər korpusu yeni transfer üçün də cəhd göstərir. Xüsusən bir mərkəz hücumçusu və bir vinger alınması yönündə çalışmalar davam edir. Ötən mövsüm komandada yer alan Musa Qurbanlının da “Yurqorden”də qalacağı dəqiqdir. İsveç mətbuatı Qurbanlıya şans veriləcəyini və ona əsas hücumçulardan biri qismində baxıldığını yazıb.
Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.